“Gürcülər məğlubiyyəti qəbul etmirdilər” - Qara Qarayev

gurculer-meglubiyyeti-qebul-etmirdiler
Oxunma sayı: 768

“Qarabağ”ın futbolçusu Qara Qarayev Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstanın "Samtredia" klubu ilə oyundan sonra müsahibə verib. "Qafqazinfo" xəbər verir ki, yarımmüdafiəçi jurnalistlərin suallarını cavablandırıb.

- Oyunla bağlı hansı məqamı qeyd edə bilərsən?

- Yaxşı hazırlaşmışdıq. İlk oyunda uğurlu nəticə qazanmaq istəyirdik. Nəhayət, yekunda buna nail olduq. Amma bizi səfərdə rahat oyunun gözlədiyini düşünmürəm. "Samtredai" evdə daha sərt, aqressiv oynayacaq. Bir sözlə, cavab matçı daha ağır olacaq.

- Rəqib ilk dəqiqələrdən kobud oynayır, pressinq edirdi. Bunu sizi təxribata çəkmək üçün edirdi, yoxsa oyun üslubları belədi?

- Bizi yaxşı təhlil etmişdilər. Ona görə ki, texnikalı futbolçularımızla təkbətək oynayırdılar. Bizim də çatışmazlıqlarımız var. Hər dəfə qol vurduqca, rəqib bir az da həvəsdən düşürdü. "Samtredia"nın heyətində xarakterli futbolçular çox idi. Əsas da yarımmüdafiə xəttində yer alanlar qışqır-bağır salırdılar. Çünki gürcülər məğlub olmağı qəbul etmirdilər. Bu cür oynamaları da xarakterli olmaqlarından irəli gəlirdi. 

- Yeni transferlər özlərini necə göstərdi?

- Düşünürəm ki, onlar komandamıza tez bir zamanda uyğunlaşacaq və qarşıdakı oyunlarda daha yaxşı kömək edəcəklər.

- Hazırlıq zamanı keçirdiyiniz yoxlama oyunlarının hamısındakı məğlubiyyətlər rəsmi matç öncəsi bir qədər narahatlıq yaratmışdı. Böyükhesablı nəticə qeydə alınsa da, həqiqətən də çatışmazlıqlar az deyildi…

- Razıyam, çatışmazlıqlar var. Bunda itkilərimizin də təsiri böyükdür. Riçard Almeydanın yoxluğu, Dani Kintananın hələ də sıraya dönməməsi oyunumuza mənfi təsir edən məqamlardandı. Yoxlama matçları haqda isə çox danışmaq istəmirəm. Çünki az hallarda hazırlıq oyunlarında yaxşı nəticə qazanmışıq.