Gürcüstan aviareysləri fevralın 1-dən bərpa edir

gurcustan-aviareysleri-fevralin-1-den-berpa-edir
Oxunma sayı: 1690

Gürcüstan fevralın 1-dən etibarən müntəzəm uçuşları bərpa edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava bu gün keçirilən brifinqdə məlumat verib.

“1 fevral tarixindən etibarən müntəzəm uçuşlara icazə verməyə qərar verdik. Bununla müntəzəm uçuşlar həyata keçirən bütün aviaşirkətlər və ya yeni şirkətlər Gürcüstanda müəyyən bir qanunauyğunluqla uçuşları həyata keçirə biləcək”,- deyə Turnava qeyd edib.

Uçuşlara təhlükəsizlik tədbirləri və tibbi protokolların nəzərə alınaraq icazə veriləcəyi bildirilib.

“Bununla yanaşı Gürcüstana müxtəlif ölkələrdən gələn qonaqlar üçün girişin necə asanlaşdırılacağını müzakirə edirik və bunu gələn həftə müəyyənləşdirəcəyik”,- deyə nazir bildirib.

O, bunun ilk növbədə Aİ, İsrail və Fars körfəzindən gələn turistlərə şamil olunacağını əlavə edib: “Yaya qədər bütün turistləri qəbul edə biləcəyik”.

Xatırladaq ki, ötən ilin mart ayının ortalarında koronavirusun pandemiya elan olunmasından sonra Gürcüstan bütün istiqamətlərə müntəzəm uçuşları dayandırmışdı.