“Gürcüstan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti fəal şəkildə izləyir”

gurcustan-ermenistan-azerbaycan-serhedindeki-veziyyeti-feal-sekilde-izleyir
Oxunma sayı: 2083

“Gürcüstan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti fəal şəkildə izləyir”. “Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani deyib.

Zalkalianinin sözlərinə görə, tərəflər döyüş əməliyyatlarına başlamazdan əvvəl, yəni iyulun 14-nə qədər olan vəziyyətə qayıtmalıdırlar.

“Mən nazir həmkarlarımla sıx təmasdayam. Mən hər iki nazirlə telefon danışıqları aparmışam və yaranmış vəziyyətlə əlaqədar bizim səmimi münasibətimizi və narahatlığımızı bildirmişəm. Onlar bizim mövqeyimizi bilirlər - biz vəziyyətin daha da gərginləşməsində maraqlı deyilik, əksinə, tərəflər iyulun 14-dək, yəni hərbi əməliyyatlar başlanmazdan əvvəl mövcud vəziyyətə qayıtmalıdırlar”, - Zalkaliani bildirib.

Bununla yanaşı, Zalkaliani qeyd edib ki, münaqişə ilk dəfə olaraq Dağlıq Qarabağın arealından kənara çıxıb və Ermənistan-Azərbaycan sərhədinə keçib.

“Buna görə daha çox diqqətli və ehtiyatlı olmaq tələb olunur. Beynəlxalq birliyin bu prosesə daha fəal cəlb olunması, ilk növbədə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəallaşması və bu münaqişənin həllinin əsasını və bünövrəsini təşkil edən bütün beynəlxalq mexanizmlərin işə salınması vacibdir”, - XİN başçısı deyib.

Zalkaliani tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa, beynəlxalq danışıqlar və mexanizmlərlə prosesi deeskalasiya və sülh nizamlanması məcrasına yönəltməyə çağırıb.