Gürcüstan parlamentində fövqəladə rejim tətbiq edilir

Gürcüstan parlamentində fövqəladə rejim tətbiq edilir
Oxunma sayı: 1664

“Gürcüstan parlamentində qanunverici orqanın işini təhlükə altına atmamaq üçün fövqəladə təhlükəsizlik rejimi qüvvədədir”.

“Qafqazinfo” xəbər verir ki, bunu ölkə parlamentinin sədri Kaxa Kuçava deyib.

K. Kuçavanın bu açıqlamanı verməsinə səbəb “Lelo-Gürcüstan üçün tərəfdaşlıq” adlı müxalif fraksiyanın sədri Badri Caparidzenin tələbi olub. Belə ki, B. Caparidze giriş üçün icazə vərəqələri olduğu halda qeyri-hökumət təşkilatlarının nümayəndələrinin nəyə görə parlament binasına buraxılmadığını izah etməyi tələb edib. Caparidzenin sözlərinə görə, onlar parlamentdə mətbuat konfransı keçirmək istəyib.

Kaxa Kuçava, həmçinin bildirib ki, gələcəkdə fövqəladə təhlükəsizlik rejiminin tətbiq edilməsi əvvəlcədən elan olunacaq.

Qeyd edək ki, keçən həftə ölkənin daxili işlər naziri Vaxtanq Qomelaurinin çıxışı yarıda qalıb. Gürcü nazir çıxışına bu yaxınlarda dünyasını dəyişmiş operator Lekso Laşkaravaya görə başsağlığı sözləri ilə başlamaq istədikdə əllərində portret olan müxalif deputatlar tribunaya yaxınlaşıb və tribunanı ələ keçirməyə çalışıb. Bu zaman müxalif deputatlar ilə hakimiyyətdə olan partiyanın deputatları arasında dava yaranıb. Jurnalistlər isə öz növbəsində balkonda üzərində “bütün təqsirli şəxslər cəzalandırılmalıdır” və “Siyasi məsuliyyəti üzərinizə götürün” yazılı iki banner asıblar.