Gürcüstan sərhədləri açandan sonra yoluxmada artım oldu?

gurcustan-serhedleri-acandan-sonra-yoluxmada-artim-oldu
Oxunma sayı: 6372

Xəbər verdiyimiz kimi, Gürcüstan müntəzəm uçuşların bərpasını avqustun 1-dək təxirə salmasına baxmayaraq, iyulun 1-dən etibarən xüsusi aviaşirkətlər tərəfindən uçuşların təşkilinə icazə verib. Belə ki, Gürcüstandan ilk uçuş iyulun 2-də İsrail istiqamətində reallaşıb. Bundan əlavə Avropa şəhərlərinə də uçuşlar planlaşdırılıb.

“Qafqazinfo”nun məlumatına görə, artıq 4 gündür baş tutan uçuşlara rəğmən ölkədə koronavirusa yoluxma və eləcə də ölüm sayında güclü artım qeydə alınmayıb.

“worldometers.info” portalının məlumatına görə, Gürcüstanda son sutka ərzində COVID-19-a 3 yoluxma halı qeydə alınıb, ölüm halı isə baş verməyib.
Bununla da Gürcüstanda infeksiyaya yoluxanların sayı ümumilikdə 946 nəfərə çatıb. İndiyədək 15 nəfər pandemiyanın qurbanı olub, 825 nəfər xəstəlikdən sağalıb.

Bundan əlavə, koronavirus səbəbi ilə hazırda 3310 nəfər karantində saxlanılır, 203 nəfər stasionar şəraitdə müalicə olunur.

Qeyd edək ki, Avropa İttifaqı üzv ölkələrinə sərhədlərin açılmasının tövsiyə olunduğu 15 ölkənin siyahısına Gürcüstanı da daxil edib. Gürcüstan da öz növbəsində turist axınının gözlənildiyi ölkələrdə epidemioloji vəziyyətlə əlaqədar turizm mövsümünün açılışını avqustun 1-dək təxirə salıb.