Gürcüstanda 8 iyundan bu məhdudiyyətlər götürülür

gurcustanda-8-iyundan-bu-mehdudiyyetler-goturulur
Oxunma sayı: 3574

Gürcüstanda 8 iyundan etibarən koronavirus epidemiyası səbəbindən tətbiq olunan məhdudiyyətlərin ləğv edilməsinin növbəti mərhələsi başlanır.

“Qafqazinfo” “Novosti-Qruziya” informasiya agentliyinə istinadən xəbər verir ki, hökumətin qərarına əsasən, 8 iyundan etibarən beynəlxalq aviareyslərin bərpa edilməsinə başlanacaq, qapalı məkanlarda fəaliyyət göstərən kafe və restoranlar açılacaq. Həmçinin mehmanxanaların və valyuta dəyişmə məntəqələrinin də fəaliyyəti bərpa olunacaq.

Dəmiryolu nəqliyyatı ilə sərnişindaşımaya qoyulan qadağanın isə hələ ki, qüvvədə qalacağı bildirilib. Bu məhdudiyyətin bir həftə sonra, iyunun 15-dən etibarən götürüləcəyi güman edilir. Otellərə gəldikdə isə yalnız bütün tələblərə cavab verən, yoxlamadan keçərək Səhiyyə Nazirliyi tərəfindən fəaliyyətinə icazə verilən obyektlər işlərini bərpa edə biləcəklər.

Toy, anım mərasimləri, ildönümü və s. kimi ənənəvi ictimai tədbirlərin keçirilməsi üçün 10 nəfərdən çox insanın toplaşmasına qoyulan qadağanın qüvvədə qalacağı bildirilib. İnsanların sıx olduğu yerlərdə qoruyucu maska taxmaq məcburi olacaq.

Kazinolar, gecə klubları, idman zalları, üzgüçülük hovuzları, eləcə də bütün muzey və teatrların hələlik bağlı qalacağı açıqlanıb.