“Gürcüstanda baş verənlər ədalətsizlikdir, Putin...” - Merkel

gurcustanda-bas-verenler-edaletsizlikdir-putin
Oxunma sayı: 4333

“2008-ci ilin avqust müharibəsindən 10 il keçməsinə baxmayaraq, Almaniya Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməyə davam edir və həmin ərazilərdən rus qoşunlarının çıxarılmasını tələb edir”. “Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel Tbilisidə çıxışı zamanı deyib. 

Merkel jurnalistin “Putinlə görüşünüz zamanı Gürcüstan torpaqlarının işğalı ilə bağlı hər hansı formada danışıqlarınız olub” sualına birbaşa cavab verməsə də, Rusiya prezidentinin onun mövqeyini bildiyini vurğulayıb: “Baş verənlər ədalətsizlikdir”. 

Almaniya kansleri Tbilisidə Gürcüstana 199 milyon avro ayrılmasını nəzərdə tutan 2 saziş imzalayacaq. Bu barədə kansler özü baş nazir Mamuko Baxtadze ilə birgə keçirdiyi mətbuat konfransda məlumat verib. 

Kanslerin sözlərinə görə, sazişlərdən biri Gürcüstanda yeraltı qaz anbarının tikintisi ilə bağlı olacaq. Həmin anbarda 300 milyon kubmetr təbii qaz saxlamaq mümkün olacaq. 

Qeyd edək ki, daha əvvəl Angela Merkel cəmi bir dəfə Gürcüstana səfər edib. Görüş 2008-ci ilin avqustun 17-də Rusiya-Gürcüstan müharibəsindən dərhal sonra baş tutub.