Gürcüstanda daha bir nəfər koronavirusa yoluxub

gurcustanda-daha-bir-nefer-koronavirusa-yoluxub
Oxunma sayı: 1588

Gürcüstanda daha bir şəxsdə koronavirus aşkarlanıb.

“Qafqazinfo”nun “Sputnik Gürcüstan”a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamkrelidze brifinqdə məlumat verib.

Onun sözlərinə görə, həmin şəxs İtaliyadan qayıdıb: “Bildirmək istəyirəm ki, daha bir koronavirus infeksiyası dünən axşam saatlarında qeydə alınıb. Bu şəxs İtaliyadan səfərdən qayıdıb. O, İtaliya vətəndaşıdır və səhhəti qənaətbəxşdir”.

Xatırladaq ki, fevralın 26-da Gürcüstanda koronavirusa ilk yoluxma hadisəsi təsdiqlənib. Xəstə İrandan gələn 50 yaşlı Gürcüstan vətəndaşıdır. O Gürcüstana Azərbaycandan keçərək daxil olub.

***

Yoluxucu Xəstəliklər Xəstəxanasının rəhbəri Tengiz Çerçvadze brifinqdə bildirib ki, koronavirusa yoluxan 31 yaşlı qadındır və o, İtaliyadan qayıdıb.

Sözügedən şəxs bu həftə Kutaisi Beynəlxalq Hava Limanına enib və gəldiyinin ikinci günü tibbi yardım istəyib. İndi mütəxəssislər onun kimlə təmasda olduğunu dəqiqləşdirməyə çalışırlar.

Tengiz Çerçvadzenin sözlərinə görə, qadının heç bir şikayəti və yüksək hərarəti yoxdur, amma test nümunələri koronavirusu təsdiqləyib.

“Bu virusun bir xüsusiyyəti var - yüngül başlayıb, sonra ağırlaşır”, - deyə Çerçvadze qeyd edib.