Gürcüstanda ictimai nəqliyyatda maska taxmaq məcburi olacaq

gurcustanda-ictimai-neqliyyatda-maska-taxmaq-mecburi-olacaq
Oxunma sayı: 773

Gürcüstanda koronavirusla əlaqədar yaranan vəziyyətə görə ictimai nəqliyyatda sərnişinlərin maska ​​taxması və sosial məsafəni qoruması məcburi olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə üzrə Milli Mərkəzinin direktor müavini Paata İmnadze “Palitranews” telekanalına açıqlama verib. O, ölkədə ictimai nəqliyyatın nə vaxt fəaliyyətə başlayacağının hələ ki, məlum olmadığını bildirib.

“İctimai nəqliyyatda insanlardan tələb olunan əsas şey maskaların mütləq şəkildə taxılmasıdır. Sosial məsafə də çox vacibdir. Anlayırıq ki, nəqliyyatda sosial məsafəni qorumaq asan deyil, buna görə bu problemin həlli üçün işlər davam etdirilir”, -deyə İmnadze bildirib.

Qeyd edək ki, Gürcüstan hökuməti aprelin sonlarında koronavirus pandemiyası səbəbiylə tətbiq olunan məhdudiyyətlərin mərhələli şəkildə aradan qaldırılmasına başladığını elan edib. Hazırda Gürcüstanda bir çox müəssisə və gözəllik salonları fəaliyyətini bərpa edib, üç nəfərdən çox adamdan ibarət qruplar halında toplanmağa qoyulan qadağa ləğv edilib, əksər kənd təsərrüfatı bazarları, geyim və ayaqqabı mağazaları isə yenidən açılıb.