Gürcüstanda müxalifətin mitinqi başa çatıb - Video+Yenilənib

Gürcüstanda müxalifətin mitinqi başa çatıb
Oxunma sayı: 970

Gürcüstanın ən böyük müxalifət partiyası​ “Vahid milli hərəkat”ın lideri Nika Meliyanın həbsinə etiraz məqsədilə Tbilisidəki hökumət binasının qarşısına yüzlərlə insan toplaşıb.

“Qafqazinfo” xəbər verir ki, Meliya bu gün səhər keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb. Bundan dərhal sonra müxalifət liderləri milli azadlıq hərəkatının başladığını elan edərək hər kəsi etiraz aksiyasında iştirak etməyə çağırıblar.

İlkin məlumatlara görə, müxalifətin gələcək planları hökumət binası yaxınlığında keçiriləcək mitinqdə açıqlanacaq.

Hazırda binanın mərkəzi girişinin qarşısındakı ərazi polis tərəfindən mühasirəyə alınıb.

Müxalif partiyanın liderlərinin hazırda paytaxtın kənarında yerləşən ofisdə məsləhətləşmələr keçirdiyi bildirilib.

Qeyd edək ki, Nika Meliya 2019-cu ilin iyununda aksiyaların təşkili və zorakılıq ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunub. İstintaqın tələbi ilə parlament müxalif siyasətçinin deputat toxunulmazlığını ləğv etdikdən sonra Tbilisi şəhər məhkəməsi 30 min lari girov və elektron qolbaq taxmaq müqabilində onun sərbəst buraxılmasına qərar vermişdi.

2020-ci ildə parlament seçkilərindən sonra Meliya yenidən deputat seçilsə də, parlamentə daxil olmaqdan imtina etmişdi. Müxalifətin seçkilərin saxtalaşdırılması iddiası ilə keçirdiyi mitinqində Meliya elektron qolbağı çıxararaq kütləyə doğru atmışdı. Bundan sonra məhkəmə girov məbləğini 40 min lariyə yüksəltmişdi. Bununla belə partiya rəhbəri bu məbləği ödəməkdən imtina etmişdi. Baş Prokurorluq isə partiya sədrinə xəbərdarlıq etmişdi ki, pulu ödəmədiyi təqdirdə onun tutulması barədə vəsatət qaldıracaq. Qərarına yenidən baxması üçün Nika Meliyaya 12 fevral tarixinə qədər vaxt verilmişdi.

***

Gürcüstanda müxalifətin 2 saat yarımlıq mitinqi başa çatıb. Parlament binası qarşısına toplaşan bir neçə min etirazçı ərazini tərk etməyə başlayıb. Rustaveli prospekti boyunca avtomobillərin hərəkəti bərpa olunub. Bununla belə, parlament binası önünə qurulan çadırlar sökülməyib. Çadırlada müxalif fəallar növbətçilik rejimi əsasında qalacaqlarını bildiriblər. Politoloq Giqi Uqulava gecəni çadırda keçirəcəyini və heç yerə getməyəcəyini bildirib.