Gürcüstanda restoranlar açıldı - Əsas şərtlər

gurcustanda-restoranlar-acildi
Oxunma sayı: 1770

1 iyun tarixindən etibarən Gürcüstanda açıq havada işləyən restoran və kafelər, 8 iyun tarixindən etibarən isə bütün növ restoran, bar və kafelər üçün tətbiq olunan qadağalar ləğv ediləcək.

“Qafqazinfo” “Sputnik Georgia”ya istinadən xəbər verir ki, məhdudiyyətlərin götürülməsinə baxmayaraq, müştərilər və restoran sahibləri bir sıra məcburi qaydalara əməl etməli olacaqlar. Xüsusilə, iaşə obyektləri iş günü başlamazdan əvvəl işçilərin, eləcə də müştərilərin istilik və ya video müayinəsini aparmalı, məkanların girişində dezinfeksiyaedici aparatlar yerləşdirməlidirlər.

Bütün qapalı məkanlar ən çox 3 saatlıq intervalla mütəmadi havalandırılmalıdır. Müəssisələrinin işçiləri şəxsi mühafizə vasitələri - xüsusi iş geyimləri, ayaqqabılar, əlcəklər, maskalar, sipər və ya eynəklərlə təmin edilməlidir. Müəssisə rəhbərlərindən də onların düzgün istifadəsinə nəzarət etmək tələb olunur.

İstifadə olunmuş gigiyenik tullantılar üçün qapalı qablar quraşdırılmalıdır. Ərzaqların hazırlandığı səthlər tez-tez dezinfeksiya edilməlidir.

Bununla yanaşı, iaşə obyektlərində ziyarətçilərin sayına nəzarət edilməli və sosial məsafə qaydalarına riayət edilməlidir.

Oxşar qaydalar iyunun 1-dən fəaliyyətə başlayan ticarət mərkəzlərində də tətbiq ediləcək. Ticarət mərkəzlərinin girişində dezinfeksiyaedici aparatlar yerləşdiriləcək, insanların girişdə temperaturu yoxlanılacaq, izdiham yaşanmaması və sosial məsafə qaydalarına riayət edilməsi üçün məhdud sayda insan buraxılacaq.

Qeyd edək ki Gürcüstanda koronavirusa ilk yoluxma faktı fevralın 26-sı qeydə alınıb. Ölkədə 23 maya qədər fövqəladə vəziyyət rejimi tətbiq olunub.