Gürcüstanda seçkilər proporsional və majoritar sistemlə keçiriləcək - Yenilənib

gurcustanda-seckiler-proporsional-ve-majoritar-sistemle-kecirilecek
Oxunma sayı: 1206

Gələn il Gürcüstanda parlament seçkiləri proporsional və majoritar sistemlərin tətbiqi ilə keçiriləcək.

“Qafqazinfo”nun “Sputnik Gürcüstan”a istinadən verdiyi xəbərə görə, noyabrın 14-də Gürcüstan parlamentinin baş tutan iclasında proporsional seçki sisteminə keçidi nəzərdə tutan Konstitusiya dəyişiklikləri üzrə səsvermə olub. Lakin səsvermə zamanı proporsional seçki sisteminə keçid yetərli səs toplamayıb.

Belə ki, dəyişikliklərin qəbul olunması üçün 113 səs tələb olunsa da, yalnız 101 deputat qanun layihəsinin lehinə səs verib.

“Düzəlişlər Gürcüstan parlamenti tərəfindən qəbul edilməyib, yəni 2020 seçkiləri 3 faizlik baryer, blokların iştirakı və qarışıq sistem- proporsional və majoritar system üzrə keçiriləcək.  Bu, Gürcüstan parlamentinin qərarıdır”, - deyə Parlamentin sədri Arçil Talakvadze bildirib.

Qeyd edək ki, bu ilin iyun ayında Tbilisidə kütləvi keçirilən aksiyaların əsas tələblərindən biri proporsional seçki sisteminə keçid olub.

***

Gürcüstanda növbəti parlament seçkiləri 31 oktyabr 2020-ci ildə keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının icraçı katibi, millət vəkili İrakli Kobaxidze bildirib.

“Heç bir erkən seçkilərdən söhbət gedə bilməz. 31 oktyabr 2020-ci ildə keçiriləcək parlament seçkilərinə hazırlaşmalıyıq. Bu, hərəkətə keçməli olduğumuz gündəmdir”, -deyə o, jurnalistlərə açıqlamasında bildirib.