Gürcüstanın müxalif partiya lideri haqda həbs qərarı verildi

gurcustanin-muxalif-partiya-lideri-haqda-hebs-qerari-verildi
Oxunma sayı: 1006

Tbilisi şəhər məhkəməsi Baş Prokurorluğun vəsatətini təmin edərək Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliya haqqında həbs qətimkan tədbiri seçib.

“Qafqazinfo” gürcü mediasına istinadən xəbər verir ki, məhkəmə iclası 6 saatdan çox davam edib. Meliya özü məhkəmə prosesinə qatılmayıb. Qərardan sonra müxalif partiyaların nümayəndələri VMHP-nin binasına gələrək Nika Meliyanı polisə verməyəcəklərini bildiriblər.

Qeyd edək ki, Nika Meliya 2019-cu ilin iyununda aksiyaların təşkili və zorakılıq ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunub. İstintaqın tələbi ilə parlament müxalif siyasətçinin deputat toxunulmazlığını ləğv etdikdən sonra Tbilisi şəhər məhkəməsi 30 min lari girov və elektron qolbaq taxmaq müqabilində onun sərbəst buraxılmasına qərar vermişdi.

2020-ci ildə parlament seçkilərindən sonra Meliya yenidən deputat seçilsə də, parlamentə daxil olmaqdan imtina etmişdi. Müxalifətin seçkilərin saxtalaşdırılması iddiası ilə keçirdiyi mitinqində Meliya elektron qolbağı çıxararaq kütləyə doğru atmışdı. Bundan sonra məhkəmə girov məbləğini 40 min lariyə yüksəltmişdi. Bununla belə partiya rəhbəri bu məbləği ödəməkdən imtina etmişdi. Baş Prokurorluq isə partiya sədrinə xəbərdarlıq etmişdi ki, pulu ödəmədiyi təqdirdə Meliyanın tutulması barədə vəsatət qaldıracaq. Qərarına yenidən baxması üçün Nika Meliyaya 12 fevral tarixinə qədər vaxt verilmişdi.