“Guya, Milli Şura iştirak etməsə, bu seçki qeyri-demokratik olacaq”

guya-milli-sura-istirak-etmese-bu-secki-qeyri-demokratik-olacaq
Oxunma sayı: 4724

“Yeni Azərbaycan Partiyası 126 nəfər səlahiyyətli nümayəndə, bir nəfər isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəni Mərkəzi Seçki Komissiyasına təqdim edib və artıq MSK bunu təsdiq edib. Partiyanın namizədlərinin irəli sürülməsi prosesi qalıb. Bununla bağlı işlər aparılır. Proses gedir və bu işlər tamamlanandan sonra biz hər dairə üzrə namizədlərimizi irəli sürəcəyik və siyahını da Mərkəzi Seçki Komissiyasına təqdim edəcəyik”.

“Qafqazinfo” xəbər verir ki, bunu YAP-çı deputat Siyavuş Novruzov jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, YAP-ın kifayət qədər potensialı və seçkilərdə təcrübəsi var:

“Artıq hər bir dairə üzrə imza toplamaq üçün 10 nəfər müəyyən edilib. Yəni, hər bir şey hazırdır. Sadəcə olaraq namizədləri təqdim edəcəyik və ondan sonra digər proseslərə başlayacağıq”.

S. Novruzov qeyd edib ki, Azərbaycanda 50-dən artıq siyasi partiya var və bu partiyalardan 40-dan yuxarısı parlament seçkilərində iştirak edəcək:

"Bundan əlavə, Azərbaycanda qeyri-hökumət təşkilatları, mətbuat nümayəndələri, yaradıcı insanlar, incəsənət xadimləri var və bu insanlar da seçkilərdə iştirak edəcəkləri ilə bağlı bəyanat veriblər, xüsusən gənclər, o cümlədən xaricdə təhsil alıb gəlmiş gənclər böyük həvəs göstərir. Yəni namizədliklərini irəli sürmək istəyən çox insanlar var. Bir yanlış informasiya cəmiyyətə sırımaq istəyirlər ki, guya, Milli Şura seçkidə iştirak etməsə, bu seçki qeyri-demokratik olacaq və s. Burada söhbət alternativlikdən gedir. Yəni bir yerə iki namizəd varsa, artıq burada alternativlik təmin olunub və orada seçki keçirmək mümkündür. Ona görə də kimin iştirak edib etməməsi hər kəsin öz hüququdur. O ki, qaldı Milli Şuraya, onun qaldırdığı məsələlərin hər biri Seçki Məcəlləsində var. Milli Şura getsin Seçki Məcəlləsini diqqətlə oxusun. Onlar ya Seçki Məcəlləsini düzgün oxumayıblar, ya da oxuyub insanlara düzgün təqdim etmirlər və insanları aldatmağa çalışırlar, seçkilərin üzərinə kölgə salmaq istəyirlər. Bunların sosial bazası, elektoratı yoxdur, bilirlər ki, seçilməyəcəklər, çünki xalq bunlara etimad göstərməyəcək və bunların irəli sürməyə namizədləri yoxdur. Bu baxımdan da seçki prosesinin üzərinə kölgə salmaq, özlərinin zəifliklərini ört-basdır etmək üçün seçkiyə getmək istəmirlər".

Günel Türksoy

Foto: Nuran Məmmədov