Qalmaqallı bağ evlərinə baxış keçirildi - Yenilənib

qalmaqalli-bag-evlerine-baxis-kecirildi
Oxunma sayı: 15876

Bu gün Sabunçu rayon Məhkəməsinin hakimi Həqiqət Mahmudovanın iştirakı ilə sabiq deputat Qalib Salahzadənin ona məxsus olduğunu iddia etdiyi bağ evlərinə baxış keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Bilgəh qəsəbəsi, Zaqulba şossesi 1,2 və 3 ünvanlarında olan əraziyə baxışda həm iddiaçı (Qalib Salahzadə və qohumları), həm də cavabdeh tərəfin (Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu) nümayəndələri iştirak ediblər.

İddiaçılardan biri Əminağa Camalov bildirib ki, sözügedən bağda 8 ev var: “Biz həmin evlərdə daimi yaşamaq hüququ olmaqla qeydiyyatdayıq. 1990-cı ilərin əvvəllərində tikilmiş evlərdir. Uzun müddət biz burada yaşamışıq. Evlərə baxış prosesində ustalar da iştirak ediblər. Onlar da evlərin bizə məxsus olduğunu təsdiqləyiblər. Təəssüf olsun ki, özünü Rəsul Quliyevin yaxını kimi təqdim edən Ağasif Şakiroğlu hansısa ünvana aid olan torpağa dair çıxarışı əlində bayraq tutaraq bizim bağ evlərimizə sahiblənib. Onun əlindəki çıxarış tamam başqa ünvana aiddir. Bizim tələbimiz odur ki, Ağasif Şakiroğlunun çıxarışının ünvanı dəqiqləşdirilsin və bizim evləri tərk eləsin”.

Qalib Salahzadənin bağ torpağı sahəsinin üzərinə həbs qoyması barədə müvəqqəti təminat tədbiri haqqında vəsatətinə məhkəmə prosesindən kənar ayrıca prosessual qaydada baxılıb.

Qeyd edək ki, iddiaçılar həmçinin məhkəmədən xahiş edib ki, yekun məhkəmə qərarınadək Quliyeva Xanım Rəsul qızı, Quliyev Pərvin Rəsul oğlu, Quliyeva Elmira Rəsul qızı, Quliyev Ziya Rəsul oğlu və Quliyeva Zenfira Rəsul qızına məxsusluğu iddia olunan bağ torpaq sahələrinin üzərinə həbs qoyulması barədə qərardad qəbul olunsun.

Xatırladaq ki, Qalib Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudasıdır.

Həmçinin oxuyun: Изменится ли плата за проезд на железнодорожном транспорте?

***

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu dünən Sabunçu rayon Məhkəməsinin hakimi Həqiqət Mahmudovanın iştirakı ilə ona məxsus bağ evinə baxış keçirilməsi ilə bağlı məlumatlara münasibət bildirib.

“Qafqazinfo”ya açıqlama verən partiya sədri Hacı Qalib Salahzadənin ona məxsus bağda olmadığını deyib: “Hacı Qalib Salahzadənin şəxsi evinə kimlərsə gedib axtarış aparıb, deyə bilmərəm. Amma onun həddi üçün deyil ki, mənim nəzarətimdə olan bağa yaxınlaşsın. Bu tip söhbətləri tirajlamaqla görünür özünə təsəlli verir. İtirmiş nüfuzunu yaşadığı kənddə bərpa etmək istəyir”.

A.Şakiroğlu əlavə edib ki, Hacı Qalib Salahzadənin onunla bağlı məhkəməyə etdiyi şikayətlərin hüquqi əsası yoxdur: “Qalib Salahzadənin şikayəti olub, həmin şikayətlərə də baxılıb. 2009-cu ildə Apelyasiya Məhkəməsi lehimizə qərar çıxarıb. Qalib qərardan yuxarı instansiyaya (Ali Məhkəməyə) deputat olduğu dövrdə şikayət verib. Ali Məhkəmə də 2009-cu ilin payızınsa şikayəti əsassız hesab edərək Apelyasiya məhkəməsinin lehimizə verdiyi qərarı qüvvədə saxlayıb. Məsələ bitib. Dövlət adından məhkəmənin yekun qərarı isə müzakirə edilə bilməz. Yalnız icra edilə bilinər. İcra da edilib, ərazi mənə təhvil verilib. Deputat olmuş bu şəxs anlamır ki, mülkiyyət hüququ Konistitutsion hüquqdur və Konistitutsiya tərəfindən qorunur”.