“Hacının bir gözü 30-35 faiz görür, çox adam bunu bilmir”

hacinin-bir-gozu-30-35-faiz-gorur-cox-adam-bunu-bilmir
Oxunma sayı: 3067

“Otoquro ilə final görüşündə hakimlərin Hacını sıxmağı vaxtilə bizimkilərin digər ölkərinin güləşçilərinin başına açdığı oyunların nəticəsi idi. Çətin olsa da deməliyəm ki, İlahi ədalət yerini tapır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Fanat.Az-a Tokio 2020 Yay Olimpiya Oyunlarının sərbəst güləş üzrə gümüş mükafatçısı Hacı Əliyevin atası Azər Əliyev deyib.

Eyni zamanda güləş mütəxəssisi olan ata oğlunun hakim qərəzi ilə üzləşdiyini bildirib: “Yapona hakim dəstəyinin olacağı gözlənilən idi. Doğrudur, fənd olduğu iddia edilən epizodda heç bir fənd və xaldan söhbət gedə bilməzdi. Bunu Hacıdan da qabaq mən demişdim. Amma hakimlər cərimə xalı lazım olan anlarda yaponlunun əleyhinə qərar vermək istəmədilər. O kobudluqları Hacı etsəydi, ard-arda rəqibə xal yazılardı. Hesab 2:2 davam etsəydi, sona 3 saniyə qalsa belə, hakimlər bir yolla Otoquronun qalib gəlməsinə şərait yaradacaqdı. Buna adım kimi əminəm.

Güləşdə haqsızlıqlar çox olur. Əvvəllər yerli federasiyanın başında duran bəzi şəxslərin əli ilə çox əyri əməllər işlənib. Hacıya qarşı Tokioda daha betər haqsızlıq olsaydı, mən bunu vaxtilə Azərbaycan Güləş Federasiyasının başında duran şəxslərin başımıza gətirdikləri ilə müqayisədə toy-bayram kimi qəbul edərdim. Biz bu yerlərə çox keşməkeşli yollardan keçərək, böyük məhrumiyyətlər hesabına gəlmişik”.

A.Əliyev Hacının ötən il gözündən aldığı zədənin Olimpiadadakı çıxışına təsirindən danışıb: "Keçən il Belqradda keçirilən dünya kubokunda Hacı gözündən çox ciddi xəsarət almışdı. Gözünün biri tamam tutulmuşdu. 4 saatdan çox çəkən ağır əməliyyat keçirdi. İndi də bir gözünün görmə qabiliyyəti 30-35 faizdir. Çox adam bunu bilmir. 

Əməliyyatdan sonra məsləhət görmüşdüm ki, bu günə qədər etdikləri ilə kifayətlənib idmanı buraxsın. Amma razılaşmadı. Dedi, bura qədər gəlmişəmsə, bir gözlə də olsa Olimpiadaya da gedəcəyəm, orada bayrağı dalğalandırmaq üçün əlimdən gələni edəcəyəm. Dedi, mənim etdiklərim Qarabağda vuruşan əsgərlərin fədakarlığı qarşısında heç nədir. O zədə ilə Hacı Olimpiya Oyunlarında medal alıbsa, çox böyük işdir. Hacı bu gün idmanın qazisi, şəhididir".