“Hadisədən sonra “Bibiheybət”də namaz qıldıq” - Rasim Əliyevin məhkəməsindən

hadiseden-sonra-bibiheybetde-namaz-qildiq-
Oxunma sayı: 2854

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyilə jurnalist Rasim Əliyevin ölümü ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə iş üzrə təqsirləndirilən şəxslərdən daha ikisi – Kənan Mədətov və Arif Əliyev ifadə verib.

“Qafqazinfo” bizimyol-a istinadən xəbər verir ki, Sankt-Peterburqda Aviasiya Akademiyasının tələbəsi olan Kənan Mədətovun bu gün 21 yaşı tamam olur. Futbolçu olduğunu deyən təqsirləndirilən irəli sürülmüş ittiham üzrə özünü qətiyyən təqsirli bilmədiyini vurğulayıb. O qeyd edib ki, iş materiallarındakı ifadələr, həmçinin ifadələrin altındakı imzalar ona məxsus deyil. Kənan Mədətovun sözlərinə görə, o, ümumiyyətlə, istintaqa ifadə verməkdən imtina edib. O bildirib ki, hadisə baş verən gün Elşən İsmayılov (digər təqsirləndirilən) zəng edərək, onu Bayılda çay içməyə çağırıb.

“Mən də maşınla gəlib onu götürdüm. Həmin vaxt Arif və Camal da yanında idi. Camalı çoxdan görmürdum deyə, yolda ancaq Camalla söhbət elədim. Mənim başqa heç nədən xəbərim olmayıb” – deyə təqsirləndirilən şəxs bildirib. Kənan Mədətovun ibtidai istintaqa ifadələrində isə Elşən İsmayılovla Rasim Əliyev arasındakı mübahisədən xəbərdar olduğu qeyd edilir.

Rasim Əliyevi vurmadıgını deyən Kənan Mədətovun sözlərinə görə, hadisədən sonra Bibiheybət məscidinə gedərək orada namaz qılıblar, daha sonra Bakıxanov qəsəbəsinə qayıdıb Arif və Elşəni düşürüb, özü isə Camalla çay içməyə gedib.

“Balta ilə vurmamışıq, bıçaqla vurmamışıq"

Digər təqsirləndirilən Arif Əliyev isə jurnalistin döyülməsində iştirakını etiraf etsə də, amansızlıqla döymədiklərini deyib. “Amansızlıq məsələsi ilə razılaşmıram. Biz balta ilə vurmamışıq, bıçaqla vurmamışıq" – deyən Arif Əliyev Rasimin telefonunu götürdüyünü təsdiqləyib: “Yerə düşmüşdu, elə bildim uşaqlardan birinindi. Bibiheybətə çatanda soruşdum, dedilər bizim deyil. İçindəki şəkillərə baxanda bildim ki, rəhmətliyindi. Hadisənin ertəsi gün tulladım".

Arif Əliyevin istintaqa ifadələrindən birində isə telefonu şəxsi istifadə üçün götürdüyü yazılıb. O, bu haqda yazılanların doğru olmadığını deyərək bildirib ki, ifadələri müsəntiq yazıb və oxumadan imzalayıb, istintaqın sonunda iş materialları ilə tanış olanda isə orada səsləndirmədiyi fikirlərə rast gəlib.

Məhkəmə yanvarın 19-da digər təqsirləndirilən Samir Mustafayevin ifadəsilə davam edəcək.

Rəsmi ittiham:

Hadisə 2014-cü il avqustun 8-də baş verib. Bir qrup şəxs tərəfindən döyülərək xəstəxanaya yerləşdirilən Rasim Əliyev orada vəfat edib. İnsidentə səbəb R.Əliyevin Facebook statusunda futbolçu Cavid Hüseynovu tənqid etməsi olub. Cavid Hüseynov avqustun 6-da "Qəbələ" futbol klubunun heyətində Kipr Respublikasının "Apollon" futbol klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə onu tənqid edən Rasim Əliyevə zəng edərək təkzib verməyi tələb etmişdir.

Bundan sonra C.Hüseynovun bibisi oğlu Elşən İsmayılov da R.Əliyevə zəng edərək təkzib verməsini tələb etmiş və bu zəmində aralarında mübahisə yaranmışdır. Nəticədə, Elşən İsmayılov R.Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-də saat 16 radələrində Bayıl qəsəbəsində "Bayıl market" mağazasının qarşısında onunla görüşmüşdür. Onlar R.Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirmiş və hadisə yerindən qaçmışlar. R.Əliyevin təcili-tibbi yardım vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq, həyatını xilas etmək mümkün olmamış və avqustun 9-da saat 05 radələrində orada vəfat etmişdir.

Təqsirləndirilən şəxslər Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsilə ittiham olunurlar. Digər təqsirləndirilənlər Elşən İsmayılov və Arif Əliyev isə hadisə yerindən mərhum jurnalistin telefonu və pul kisəsinin götürülmələri ilə əlaqədar həm də CM-nin 177-ci (oğurluq) maddəsilə ittiham olunurlar.

Cavid Hüseynova Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunmuş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. İstintaqın sonunda isə Cavid Hüseynovun işi ayrılaraq ayrıca icraata verilib.