“Hakim işıqların söndüyü vaxtda məhkəməni yekunlaşdırdı”

hakim-isiqlarin-sonduyu-vaxtda-mehkemeni-yekunlasdirdi
Oxunma sayı: 2978

Vəkil Səbuhi Axundov tam dozalı COVID-19 pasportu olmadığına görə məhkəmə binasına buraxılmayıb.

Bu barədə “Qafqazinfo”ya vəkilin özü məlumat verib. İddiasına görə, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayevin tapşırığı ilə hakim Gülnarə Tağıyeva koronavirus əleyhinə 2-ci doza peyvənd olunmadığını əsas gətirərək vəkilin prosesə girməsinə icazə verməyib: “Gülnarə Tağıyeva 10 dəqiqənin içində vəkili zala buraxmadan, məhkəmə binasının işıqları ani söndüyü vaxtda videoçəkiliş olmadan, tərəfimin “təxirə salın” xahişlərinə baxmayaraq məhkəməni yekunlaşdırdı. Qarşı tərəf polis orqanlarında çalışan şəxsdir, deputat tərəfindən tapşırılıb deyə bu addım atıldı. Bu, mənim üçün faciə, məhkəmə adına ləkədir. Heç bir araşdırma aparmadan ilk iclasda və 10 dəqiqəyə işi yekunlaşdıran hakim, sən sadəcə məhkəməyə olan son ümidləri də məhv elədin. Biz məhkəmə zallarında tərəflərlə deyil, hakimlərlə çəkişməli oluruq. Hansı marağa görə, hakim az qala tərəfə çevrilməlidir?! Bu cür hakimlər öz postlarında qalacaqsa, kimsə məhkəmə islahatından danışmasın”.

Vəkil qeyd edib ki, Ali Məhkəmənin məhkəmə binalarına COVID-19 pasportu ilə buraxılması ilə bağlı tövsiyəsi düzgün tətbiq olunmur: “Bu, sadəcə tövsiyədir, mütləq yerinə yetirilməli olan qanun deyil. Üstəlik, o tövsiyədə yazılmayıb ki, hər iki doza peyvənd olmalıdır. Yəqin ki, bəzi hakimlər Ali Məhkəməyə yüksək sədaqətini nümayiş etdirmək üçün bu addımı atırlar”.

Qeyd edək ki, Ali Məhkəmə tərəfindən 11 oktyabrdan etibarən məhkəmə binalarına daxil olan, habelə qapalı məkanlarda keçirilən prosessual hərəkətlərdə bilavasitə iştirak edən şəxslərdən COVID-19 pasportunun olması tələb edilməsi tövsiyə olunub.