Hakim oğlunu maşınla vurub öldürənə cəza istənildi

hakim-oglunu-masinla-vurub-oldurene-ceza-istenildi
Oxunma sayı: 2221

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Rəhim Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə R.Kərimova cəza istənilib.

Dövlət ittihamçısı Rəhim Kərimovun 10 il müddətinə azadlıqdan, 5 il müddətinə isə sürücülük hüququndan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə mayın 11-də saat 03 radələrində Nəsimi rayonunun Bülbül prospektində baş verib. Belə ki, Bakı şəhər sakini Rəhim Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobil piyada Rüfət Allahverdiyevi vurub. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb, mayın 12-də orada dünyasını dəyişib.

19 yaşlı Rüfət Allahverdiyev ADA universitetinin tələbəsi olub. Onu da əlavə edək ki, Rüfətin atası Elbəy Allahverdiyev daha əvvəl Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışıb. Hazırda Tərtər Hərbi Məhkəməsinin hakimidir.

R.Kərimovun atası Yüzasif Kərimov Mərkəzi Klinik Xəstəxananın baş həkimi olub. Hadisədən sonra vəzifəsindən çıxarılıb.

Murad Əhməd