Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2014-cü ilin noyabrın 24-də Qəbələ rayonunda iş adamı Vahid Vahabovu qətlə yetirməkdə, həmçinin vətəndaşlara ağır xəsarətlər yetirməkdə, onlara məxsus
avtomobilləri qaçırmaqda şübhəli bilinən 17 nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Məhkəmə başlayarkən təqsirləndirilən şəxslər "Sizi qəbul etmirik, siz kafirsiniz. Hökm yalnız Allahındır!" deyə şüarlar səsləndiriblər. Hakim onlara "bunu ötən iclasda demişdiniz" deyə reaksiya verib. Təqsirləndirilənlərdən bir neçəsinin dəmir barmaqlıqlar arxasında stolu tərsinə qoyub arxalarını hakimə çevirməsinə görə mübahisə yaranıb və məhkəmə iclası bir neçə dəqiqə gecikmə ilə başlayıb.
Prosesdə təxminən 10-a yaxın hal şahidi ifadə verərək protokola imza atdıqlarını təsdiqləyiblər.
Məhkəmə prosesi martın 14-nə təxirə salınıb.
Qeyd edək ki, cinayət işi üzrə Nurəddin Xəlilov, Müşfiq Mikayılov, Rəşad Həşimli, Əhməd Kərimov, Çoşqun Kərimbəyli, Bahadur Məmmədov, Zaur Əliyev, Pərviz Şıxalyev, Rəşad Səfərəliyev, Xəlil Məmmədov, Şakir Məmmədov, Rafiq Bəyimov, Ceyhun Abdullayev, İlqar Musayev, Anar Rzayev, Niyaməddin Xəlilov, Fəxri Şirinzadə təqsirləndirilir.
Qeyd olunan şəxslər dövlət əleyhinə yönələn addımlar atmaqda, silahlı qrup yaratmaqda, dövlət quruluşu əleyhinə fəaliyyət göstərməkdə, dini düşmənçilik yaratmaqda, oğurluqda, quldurluqda ittiham olunurlar.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər