“Qafqazinfo” xəbər verir ki, Yeni Demokratiya Hərəkatının rəhbəri, politoloq Razi Nurullayev “Yeni Nəbz” qəzetinə açıqlamasında bildirib ki, bir çox ölkələrdə seçkilərə hələ xeyli vaxt qalmış siyasi həyat qaynamağa başlayır, siyasilər, partiyalar arasında debatların, müzakirələrin ardı-arası kəsilmir, istər müxalif, istərsə də iqtidar düşərgəsinin fəaliyyəti pik həddə çatır.
Azərbaycanda isə hələ də seçki ab-havasının müşahidə olunmadığını söyləyən R.Nurullayevə görə, bunun birinci səbəbi xalqın seçkilərə inamının azalmasıdır: “Düzdür, bəzi siyasi təşkilatlar əllərində olan qəzetlər, sosial şəbəkələr vasitəsi ilə fikirlərini çatdırmağa çalışsalar da, bununla insanların inamını geri qaytarmaq mümkün deyil. Əksər partiyalar wi-fi sistemi kimi yalnız 50-100 kvadrat metr əraziyə, yəni bu çevrədə olan insanlara səsini çatdıra bilirlər. Həmin çevrədən kənarda isə onların mübarizəsini, fəallığını heç kim görmür. Heç şübhə yoxdur ki, hakimiyyət ölkədə bu cür siyasi vəziyyətin dəyişməz olaraq qalmasında, müxalifətin passiv vəziyyətə düşməsində maraqlıdır”.
Bununla belə, politoloq qeyd edir ki, mütərəqqi ölkələrdə müxalifət üçün yaradılan siyasi şərait Azərbaycanda yoxdur: “Amma bu o demək deyil ki, ölkədə partiyaların fəaliyyətinin qarşısı alınır. Əksinə, bunun üçün bir çox imkanlar var. Yəni Azərbaycanda mitinq və aksiyalar keçirmək mümkün hallardan hesab olunur. İnternet azaddır. Azərbaycan vətəndaşları öz fikirlərini internetdə sərbəst ifadə edə bilirlər. O cümlədən, internet üzərindən təşkilatlanmaq, siyasi düşüncələri paylaşmaq, tənqidlər, hətta təhqirlər belə yağdırmaq mümkündür. Ədalət naminə demək lazımdır ki, istər internetdə, istərsə də çap mediasında senzura yoxdur.
Sadəcə, bu gün insanların siyasi-ictimai proseslərə qatılmaması, biganə yanaşması, müxalifətə qarşı simpatiyanın azalması inamsızlığın təzahürüdür. Uzun illərdir seçkilərdə namizədliyini irəli sürənlər, siyasi debatlara qatılanlar eyni simalardır. Əgər 2013-cü il prezident seçkilərinə nəzər yetirsək, 2010-cu ildə siyasi səhnədə olan insanların təkrarını görərik. Habelə, 2008-ci ili 2005, hətta 2003-cü illə müqayisə etsək, yenə də tanış üzlər, analoji çağırışlar, bəyanatlar, məğlubiyyətlər və məşəqqətlər göz önünə gələcək. Bu mənzərə təbii olaraq, insanların böyük bir qisminin siyasətə, müxalifətə marağını öldürüb. Və sanki xalqla siyasətçilər arasında dərin uçurum yaradıb”.
R.Nurullayevin fikrincə, siyasi ab-hava belə davam etsə, Azərbaycan hakimiyyəti seçkiləri öz istədiyi kimi keçirib, istədiyi nəticəni ortaya qoyacaq: “Hansısa dəyişikliyin baş verməsi üçün siyasi müstəvidə müxalifətin elə bir aktivliyi, strategiyası yoxdur. Bugünkü gündə fərqli situasiya ondan ibarətdir ki, dünya dövlətlərinin Azərbaycana qarşı münasibətində sərtlik müşahidə olunur. Ola bilsin, seçkilərdən sonra bu mövqe daha da sərtləşsin. Seçkilərin nəticələrinin legitimliyini şübhə altına alan tənqidi rəylər, bəyanatlar verilsin. Lakin Azərbaycan hakimiyyəti zaman-zaman bunun da altından çıxmağa çalışacaq”.
Sonda Razi Nurullayev siyasətə yeni yanaşmanın ortaya qoyulmasına və xalqın inamının bərpa edilməsinə ehtiyac olduğunu vurğuladı. Və hesab etdiyini bildirdi ki, 2015-ci il bir sıra partiyaların, fəalların siyasətdə son ili olacaq: “Bundan sonrakı mərhələlərdə Azərbaycan siyasətinə yeni nəfəs gələcək. Xalqımız 2016-cı ildən çox fərqli siyasi düşüncələrin və yanaşmaların şahidi olacaq. Medianın da, cəmiyyətin də diqqəti məhz bunlara yönələcək. Ümid edirəm ki, bizim da təmsil olunacağımız siyasi qüvvə xalq tərəfindən dəstəklənəcək və cəmiyyətdə öz yerini tutacaq”.