Hakimiyyətlərin dəyişilməsinə hədəflənmiş “inqilablar” hansı ölkələr üçündür?

hakimiyyetlerin-deyisilmesine-hedeflenmis-inqilablar-hansi-olkeler-ucundur
Oxunma sayı: 2195

Belarus dövlətində son günlər baş verən hadisələr, dünya gündəmində inqilablar mövzusunu yenidən diqqət mərkəzinə gətirdi. Ümumiyyətlə yaşadığımız dövrdə inqilablar baş verirmi? İnqilablar kimi təqdim olunan hadisələrin, baş verməsini şərtləndirən əsas amillər hansılardır? Və əgər baş verənlər inqilabdırsa, tarixdən bizə məlum olduğu kimi yüz illər boyu əsasən qərb dövlətlərində, xüsusilə də Avropada baş verən bu kimi hadisələr, niyə müasir dövrdə yalnız şərq ölkələrində baş verir?

İnqilab sözünün mənşəyinə, yaranma tarixçəsinə, onun iqlim qurşağındakından çox rənglərinə toxunmadan, inqilablarla bağlı nəzəriyyəçilərin və bu sahəyə aid digər mütəxəssislərin fikirlərinə istinad etmədən birbaşa vurğulamaq istədiyim fikirlərə keçmək istərdim. Çünki, zənnimcə yaşadığımız XXI əsrdə bir çox dövlətlərdə, o cümlədən ərəb dövlətlərində və hazırda Belarusda baş verən hadisələrin real inqilablarla heç bir əlaqəsi yoxdur.

Tarixən Avropa ölkələrində baş verən inqilablar zamanı qonşu və maraqlı dövlətlərin həmin inqilabi proseslərə müdaxilə cəhdlərinin olması hallarına da təsadüf edilib. Ancaq indiki dövrdə nəzəriyyədən və tarixdən bizə məlum olan inqilablar deyil, hadisələrin baş verdiyi dövlətə heç bir aidiyyatı olmayan kənar güclər tərəfindən “pultla” idarə olunan proseslər baş verir. Ona görə də, hazırda müşahidə etdiyimiz və nəticələri ilə bağlı təhlilini apardığımız olaylar bizə deməyə əsas verir ki, bu baş verənlərin real inqilabi proseslərlə heç bir əlaqəsi yoxdur. Sadəcə dünyadakı nizamı yenidən qurmaq istəyində olan güclər, bu yolla onların maraqlarına zidd fəaliyyət göstərən iqtidarları zorla özlərinə xidmət edəcək siyasi təcrübəsi və idarəetmə qabiliyyəti olmayan şəxslərlə əvəz etməyə çalışırlar. Həmin şəxsləri təmtəraqlı şəkildə, xalqla dövlət arasında qarşıdurma yaradıb qan tökməklə və süni şəkildə hazırladıqları iğtişaşlarda həyatlarını itirən insanları qurban verərək rəhbər təyin edirlər. Reallıqda isə, baş verən bütün bu hadisələr yüzillik plan şəklində hazırlanmış yeni dünya düzəninin formalaşdırılması prosesinin tərkib hissəsidir. Artıq üfüqdə bu prosesin əsas və yekun mərhələsinin hədəfləri kimi Asiya nəhənglərinin olduğu aşkar şəkildə görünməkdədir.

Özlərini dünyanın fövqəlgücləri hesab edənlər, dünyanı yenidən bölmək planlarını mərhələli şəkildə həyata keçirməkdə olarkən, kimlərsə sadə insanlara demokratiya haqqında nağıllar danışmaqdadır. Əgər bu proses müəyyən maraqlara xidmət etmirsə, niyə təsadüfi ölkələrdə deyil də, hansısa strateji və ya digər üstünlükləri ilə seçilən dövlətlərin xalqları inqilab etmək qərarına gəlir?!

Diqqət etsək görərik ki, demək olar ki, bütün XX əsr ərzində dünyada hökmranlıq etmək uğrunda ABŞ-la Sovetlər Birliyi arasında gedən mübarizənin toqquşma nöqtələri olan eyni dövlətlər, indi də təkrarən hədəfdədirlər. Bu gün Belarusda baş verənlər, SSRİ-nin varisi olan Rusiyaya qarşı Avropanın bufer zonasının genişləndirilməsi ilə yanaşı, onun Avropaya qurudan sonuncu çıxışından məhrum edərək əsas cinahının şikəst edilməsinə xidmət edir. Bu halda, Rusiya üçün bu istiqamətdə demək olar ki, yeganə çıxış yolu kimi ancaq Qara dəniz qalacaq.

Son iyirmi ildə inqilab adı altında ayrı-ayrı ölkələrdə kənardan idarə olunan proseslərə və onların doğurduğu nəticələrə nəzər yetirək. Neft və digər təbii ehtiyatlarla zəngin olan və məhz bu səbəbdən hədəfə alınan ərəb ölkələrində “Ərəb baharı” adlandırılan, əslində isə “ərəb qışı”nı xatırladan və bu gün də davam edən prosesin həmin xalqlara “bəxş etdiyi” fəlakətləri diktator hesab edilərək devrilən Səddam Hüseyn, Hüsnü Mübarək, Müəmmər Qəddafi və digərləri istəsələr belə min il ərzində edə bilməzdilər.

“Ərəb baharı” adlı prosesin tərkib hissəsinə aid olan Suriyada uzun illər ərzində inqilabi proseslər bitmir və bu gedişlə Suriyadakı “inqilab” uzun müddətliyinə görə Ginnesin rekordlar kitabına düşməli olacaq. Suriyadakı real mənzərə onu diktə edir ki, inqilab etmək hüququ olan xalqın bir hissəsi qırılıb, digər hissəsi isə canlarını qurtarmaq üçün ölkəsindən qaçmaq məcburiyyətində qalmışdır. Əgər belədirsə, bu halda Suriyadakı inqilabi proses niyə bitmir və ümumiyyətlə bu gün orada inqilabı edənlər kimlərdir? Təbii ki, orada da Suriya xalqı ilə heç bir əlaqəsi olmayan və hadisələri idarə edən güclər payların bölüşdürülməsində yekun qərara gələ bilmirlər.

Yaranması və mövcudluğu bilavasitə işğal, soyqırımı, təxribat və digər cinayətlərlə bağlı olan Ermənistanda inqilabın baş verdiyi iddia olunur. Bütün tarixi mənbələrdə qorxaq, namərd, oğru və xəyanətkar obrazını daşıyan ermənilərin inqilab etmək iqtidarında olmalarını iddia etmək absurddur. Əgər inqilab “revolution” sözündən qaynaqlanıb, dövlət idarəçiliyində forma, mahiyyət və məzmun dəyişikliyini nəzərdə tutursa, Ermənistan hakimiyyətində hansı mahiyyət və məzmun dəyişikliyi baş verib? Sadəcə bir cinayətkar klanı digəri əvəz edib, eyni faşizm siyasəti, eyni işğalçılıq xətti. Dəyişiklik isə ondan ibarətdir ki, hakimiyyətə gətirilən hazırki şəxs siyasi və idarəetmə ilə bağlı heç bir təcrübəyə malik olmasa da, mövcud şəraitdə, müvəqqəti də olsa həm Qərb, həm də Rusiya üçün uyğun olan çox güclü siyasi flügerlik qabiliyyətinə malikdir.

Zənnimcə, demokratiya kartından yalnız öz mənafeləri üçün hələ ki, uğurla istifadə edərək hədəfə aldıqları dövlətlərdə xalqın inqilab etmək, istədiyi şəxsi hakimiyyətə gətirmək kimi hüququnun olduğunu iddia edənlər, əslində həmin xalqı və dövləti ən böyük hüquqsuzluqla üz-üzə qoyurlar. Nə qədər dəhşətli olsa da, real həqiqət bundan ibarətdir ki, bu qüvvələr “inqilab”ın baş verməsi ilə bağlı hədəflənmiş dövləti tələyə düşmüş və ya yaralanmış canlının vəziyyətinə gətirib, özləri isə qarğalar və quzğunlar kimi onu parçalamağa hazır şəkildə üzərində dövrə vururlar.

Bu səbəbdən də düşünürəm ki, hazırda inqilabi prosesləri imitasiya edən, əslində isə baş verdiyi dövlətlərin mövcudluğunu belə təhlükə qarşısında qoyan hadisələrlə bağlı hədəfdə əsasən, dünyanı yenidən istədikləri kimi bölüşdürmək iddiasında olan güclərin maraqların zidd və öz dövlətlərinin və xalqlarının mənafelərinə xidmət edən siyasətin yürüdüldüyü ölkələrdir.

Politoloq Xəyal Bəşirov