“Halal Nemət Min Bərəkət”in kəsim sexi fəaliyyətə başlayıb - Fotosessiya

“Halal Nemət Min Bərəkət”in kəsim sexi fəaliyyətə başlayıb
Oxunma sayı: 11909

Şirkət yarımfabrikat ət məhsullarının satışına başlayacaq

“Halal Nemət Min Bərəkət” əmtəə nişanı ilə tanınan “Səhliyalı” müəssisəsində yeni kəsim sexi fəaliyyətə başlayıb. Bundan sonra kolbasa və sosis istehsalında tələb olunan mal əti, elə müəssisənin daxilindəki sexdə kəsilib hazır məhsul halına gətiriləcək. Bir neçə aydan sonra “Halal Nemət Min Bərəkət”in yarımfabrikatlarının və ət məhsullarının da satışına başlanacağı gözlənilir. “Qafqazinfo”nun məlumatına görə, bu barədə ötən gün KİV nümayəndələrinin müəssisəyə infoturu çərçivəsində bildirilib.

Şirkətin texnoloqu Rafael Məmmədov bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən küçələrdə ət kəsimlərinin qarşısının alınması məqsədilə sirkətlərə öz daxilində bu işlə məşgul olmaq tapşırığı verilib: “Bununla əlaqədar iki il öncə türkiyəli mütəxəssislərlə birgə layihə hazırladıq və layihənin kəsim sexi üzrə tikintisinə başladıq. Son tamamlama işləri gedir.İstehsalat sahəsi tam hazırdır. İstehsalat sahəsi 2600 kv/m, mal qəbulu sahəsi 600 kv/m, ofislər 1100 kv/m-dən ibarətdir. Bütün sahələr gigiyena qaydalarına uyğun materiallarla təchiz olunub. Qida təhlükəsizliyi nəzərindən bütün normalara riayət olunmağa calışılır. Eyni zamanda, müxtəlif qurumlara İSO 22000-nin tətbiqindən ötrü müraciət olunub. Bu standartları da aldıqdan sonra yarımfabrikatların və ət məhsullarının satışına başlayacağıq”.

Ölkənin müxtəlif heyvandarlıq rayonlarından gətirilən iribuynuzlu mal qaranın saxlanıldığı yerdən başlanan tanışlıq kəsim sexi ilə davam edir. Burada heyvanlar islam qayda-qanunlarına uyğun olaraq əllə kəsilir. Kəsilən heyvanların dərisi soyularaq asılmış vəziyyətdə bir neçə saat saxlanılır. Bu müddətdə xüsusi mütəxəssislər tərəfindən ətdən analizlər götürülür və heyvanın sağlam olub-olmaması bir daha yoxlanılır. +8 dərəcədə ət soyudulduqdan sonra, -24 dərəcədə şoklama, yəni dondurulma-ehtiyyat anbarlarına yığılır. Daha sonra ətin sümükdan ayırılması, farş halına gətirilməsi, qablaşdırılması və bişirilməsi həyata keçirilir. Və nəticədə bir çoxlarının sevdiyi “Manqalüstü”, “Sacüstü”, müxtəlif növ qəlyanaltı kolbasa və sosis məhsulları piştaxtalara yol alır.

Keyfiyyətə Nəzarət Şöbəsinin rəhbəri Şəhla Yusifzadənin sözlərinə görə, müəssisədə donuz əti və yağından qətiyyən istifadə edilmir: “Burada yüksək keyfiyyətdə, gigiyenik şəraitdə və halal qaydalara uyğun heyvan kəsimləri həyata keçirilir. Şirkətin avadanlıqları isə Almaniyadan gətirilib. Bu kəsim yerində ən son texnologiya və standartlar müəyyənləşdirilib. Kəsim prosesində baytar həkim də iştirak edir. Heyvanlar baytar tərəfindən ilkin müayinədən keçəndən sonra kəsimə göndərilir. Kəsilmiş ətlər də növbəti müayinədən keçirilir. Bunun üçün heyvanın xüsusi hissələrindən nümunələr götürülüb, laboratoriyaya göndərilir. Laboratoriyadan keçən ətlər isə istehsalata buraxılır”.

Müəssisədə ətin 1 kilosunun 4 – 4,50 qəpiyə başa gəldiyini deyən R. Məmmədov əlavə edib ki, buna səbəb aldıqları heyvanın qiymətinin bazar qiymətindən fərqli olmasıdır: “Bazardan 1-2 kiloqram ət alırsan, amma bizə topdansatış qiymətinə başa gəlir. Ona görə də mal ətinin kilosunun 7-8 manat olduğu halda, kolbasanın 1 kilosunun qiymətinin aşağı olması alıcılarda çaşqınlıq yaradır. Bundan başqa kolbasa və sosislərin tərkibi sırf ətdən olmur. Tərkibin cox faizi mal və ya toyuq əti olsa da, kartof, yumurta, süd, kərə yağı, su (buz), duz, ədviyyatlardan da istifadə olunur. Bütün bunların qiymətlərini hesablayanda, kolbasanın ətdən ucuz olmasının səbəbi də aydın olur. Biz heyvanı özümüz kəsdiyimiz üçün ətin kilosu ucuz gəlir. 4-5 manata. Bütün qatqı maddələri hamısı halal mənşəlidir. Bütün aldıqlarımızın halal sertifikatları var. Bu sertifikatlar da həm Malayziyada, həm Hindistanda, əsas da Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsi tərəfindən təsdiqlənir. Dünyada qəbul edilən halal sertifikatına uyğun olaraq işlərimizi qurmuşuq və tamamilə “Halal Nemət 1000 Bərəkət” brendi ilə halal məhsullar istehsal edirik”.

Qeyd edək ki, müəssisənin öz yardımçı təsərrüfatı da var. 1000-1500 baş iribuynuzlu mal-qara və 2000 baş qoyun təsərrüfatı ölkənin ekoloji cəhətdən təmiz guşələrindən biri olan İsmayıllıda yerləşir.

Məlumat üçün deyək ki, "Səhliyalı” firması bu gün – müasir, stabil, satış bazarında məşhur bir müəssisədir. Firma aktiv inkişaf edərək, öz məhsullarının keyfiyyətinə zəmanət verir. Müəssisə tətbiq etdiyi yeni texnika və texnologiyaya görə satış bazarında öndə gedir.

"Səhliyalı” firmasının əsas fəaliyyəti ət məhsullarının istehsalıdır. İstehsal olunan məhsulların geniş çeşidi alıcıları öz dadı və keyfiyyəti ilə razı salır.

1996-cı ildən fəaliyyət göstərən "Səhliyalı” kiçik-müəssisəsinin yerli məkanda analoqu olmayıb. 2009-cu ildən müəssisənin açdığı yeni zavod isə alman avadanlıqları ilə təchiz olunub. Bütün bu keyfiyyətlər"Səhliyalı” firmasının qüsursuz nəticə əldə etməsinə səbəb olur.
Bundan başqa müəssisənin öz yardımçı təsərrüfatı da var. 1000- 1500 baş iribuynuzlu mal-qara və 2000 baş qoyun təsərrüfatı diyarımızın ekoloji cəhətdən təmiz guşələrindən biri olan İsmayıllıda yerləşir. Ət tələbatının bir hissəsini həmin ferma vasitəsilə təmin edən şirkət toyuq ətini Azərbaycandakı broylerlərdən alır. Təsərrüfatın əsas xətti kökəltmə-ətçilikdir.

"Səhliyalı” kiçik müəssisəsi iki sexdən ibarətdir: 1. "Halal nemət, 1000 bərəkət” məhsullarını emal edən sex - məhsulların hallalığına 100 faiz zəmanət verir. 2. Strandartlara uyğun başqa məhsullar "BS” adı altında cəmləşərək, digər sexdə istehsal olunur.

"Səhliyalı” müəssisəsi bir ailə firmasıdır. Dörd qardaş ailə ənənəsini yaşatmaq üçün idarə etdikləri müəssisəyə babalarının adını veriblər. Məhsulların üzərində əks olunan "BS” loqotipinin açılışı isə belədir: Bəşir – ata, Səhliyalı – baba adıdır. "Səhliyalı” kiçik-müəssisəsində çalışan bütün heyət peşəkarlığı və öz iş təcrübəsi ilə seçilir. Kollektivin iş prinsipi – məsuliyyət, inam qazanmaq, düzgünlük, keyfiyyətli məhsul istehsal etməkdir.

"Səhliyalı” inkişafın, yeniliyin lehinə olan bir müəssisə kimi tanınır. Keyfiyyətə önəm dedikdə,"Səhliyalı” məhsulun tarixi- ənənəvi istehsalına toxunmadan, müasir texnologiyaların tətbiqi ilə, müştərini razı salacaq istehsal nəzərdə tutur. Müəssisədə sanitariya və gigiyenanın bütün şərtlərinə tam şəkildə cavab verən iş şəraiti yaradılıb. Peşəkar kollektiv, müasir istehsalat "Səhliyalı”müəssisəsinin uğurudur.




















Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi