Haluk Suraya lazım olan məbləği yığa bildimi?

haluk-suraya-lazim-olan-meblegi-yiga-bildimi
Oxunma sayı: 1763

Şənbə günü Türkiyənin tanınmış rok ifaçısı Haluk Levent xərçəng xəstəliyindən əziyyət çəkən azərbaycanlı Sura Nadirova üçün Bakıda konsert verib. 

“Qafqazinfo” xəbər verir ki,  “Nargis Fund”un dəstəyi ilə keçirilən gecə Bakıdakı “Elektra Events Hall”da reallaşıb. 

Sənətçi 22 yaşlı həmyerlimiz üçün səhnədə iki saat çıxış edib. Haluk konsertdən görüntüləri instaqram səhifəsində paylaşaraq Azərbaycan xalqına təşəkkürünü bildirib:

“Böyük gün gəlib çatdı. Azərbaycanı bir-birinə sıx bağladı. Sura Nadirova üçün hamı Bakı konsertinə gəldi. Məqsəd Azərbaycan-Türkiyə həmrəyliyi idi. Biz bunu bacardıq”. 

Bundan başqa, Haluk və təşkilatçılar səhnədə açıqlama verərək konsertin uğurla keçdiyini, biletlərdən əldə olunan gəlirdən əlavə bir neçə xeyirxah insanın da dəstəyi ilə Suranın əməliyyat olunacağını bildiriblər. 

H. Levent isə “Nargis Fund”un hazırladığı videoda “Qızımızı xilas edəcəyik, Sura bu həftə əməliyyat olunacaq”- deyə bildirib. 

Eyni zamanda təşkilatçılar “Qafqazinfo”ya açıqlamasında konsertin uğurlu keçdiyini, lakin bir neçə saat sonra bu barədə mətbuata geniş məlumat yayacaqlarını vurğulayıblar. 

Qeyd edək ki, gənc xanım Sura Nadirovanın müalicəsi üçün tələb olunan məbləğ 400 000 Türk lirası təşkil edir (təqribi 117 000 AZN).