...Yanvar nədənsə faciələr, yas, dərd-kədər ayı kimi daxil oldu ömrümüzə. Əlbəttə, 1988-dən sonra. Hər il də (artıq 25 ildir) təkrar-təkrar bu barədə yazır, danışırıq, mübahisə edir, kimisə söyüb yamanlayırıq. Ən azı dərd qarışıq xatirələrimizi bir-birimizlə bölüşürük. 9 yanvar Salatın Əsgərovanın Yeğsahoğda gülləbaran edildiyi, 19 - 20 yanvar - məlum, 25-26 yanvar Daşaltı faciəsi... 28 yanvar isə 44-47 nəfərin ömrünə son qoymuş vertolyot terrorunun günüdür... (Hələ neçəsini xatırlamadan üstündən keçirəm...)
Sanki, təqvimdə bircə dənə də olsa qara rəngə bürünməyən, "boş" gün qalmamalıdır. 27 yanvar da Məhəbbəti aldı bizdən... Heyhat! LAÇINSIZ getdi Məhəbbət "Laçınım..." deyə-deyə. LAÇINA getməliykən, LAÇINDA getməliykən...
Kimliyindən asılı olmayaraq hamı ölümə məhkumdur! Vaxtlı, ya vaxtsız... Bunu biz müəyyən etmirik. İnsanın həyatdan getməsi sağ qalanlara həmişə vaxtsız təsiri bağışlayır. Anam 87 yaşında vəfat etdi - 2009-cu ildə. Elə bildim vaxtsız getdi. Amma məni yandırıb-tökən o idi ki, anamı atamın yanıında dəfn edə bilmədik. Məhəbbətin vaxtlı-vaxtsız getməsini onu dərgahına aparan Tanrı müəyyən etdi. Amma məni daha çox yandıran onun məhz LAÇINSIZ vəfatıdır. Deyə bilərlər ki, minlərlə adam doğulmadığı, yaşamadığı, yaxud heç Vətəni olmayan yerlərdə dünyasını dəyişir, dəfn edilir. "Laçınım..." - deyə haray çəkən dostum Laçın yerində, daha doğrusu biz Laçında olanda dünyasını dəyişsəydi, yəqin ki, arzulayardıq ki, onu Laçına aparmasınlar, Bakıda - Fəxri Xiyabanda torpağa tapşırsınlar. Ancaq indi, Laçın əlçatmaz olanda, dağların başındakı Çormana, Şamkəndə, Nağdalıya ün yetməyəndə ikiqat yanıb-yanıb qovrulurasan. Onsuz da Məhəbbəti hanslı torpaq qucaqlasa ora əzizləri, dostları üçün Fəxri Xiyaban olacaq. Ancaq təəssüf ki, LAÇIN indi FƏXRİ deyil və Məhəbbət də CƏNNƏTƏ LAÇINSIZ getdi "LAÇINSIZ..."la getdi...
...Bircə təsəlli var. O da Məhəbbətin səsidir. Bizdən fərqli olaraq heç nəyə baxmayan, indi və həmişə Laçınlı olan səs! Laçınlı səs, Laçınlı səsi, Məhəbbətin səsi...
O səs həmişə yaşayacaq...
Biz olsaq da, biz olmasaq da...