Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bir müddətdir dövlət qurumlarında yaradılan İctimai Şuraların fəaliyyətini tənqid edib.
“Qafqazinfo” xəbər verir ki, o, bu barədə feysbuk hesabında yazıb.
S. Məmmədov qeyd edib ki, mütəşəkkil qruplar bütün orqanlara keçirilən seçkilərə müdaxilə edir: “Hakimiyyət İctimai Şuralar ətrafındakı süni ajiotajla bağlı nəsə etməlidir. Biabırçılıqdır. Bu sahədə mütəşəkkil qruplar yaradılıb və bütün orqanlara keçirilən seçkilərə müdaxilə edib öz istədikləri şəxsləri seçirlər. Formal yanaşanda burda ilk baxışdan problem yoxdur. Amma ixtisaslaşmış vətəndaş cəmiyyəti təşkilatları artıq bu proseslərdən çəkilməyə başlayıb.
Deyilənlərə görə, (məndə təsdiqedici faktlar yoxdur) hətta bu qruplar seçilmək istəyənlərə təmənna əsasında xidmət də təklif edir. Bu ictimai iştirakçılıq deyil artıq. Mütləq proses dayanmalıdır. Seçilənlərin çoxu ictimai iştirakçılığın mahiyyətini bilmir. Bilmirlər ki, onlar töhfə verməli, qərarların qəbulunda iştirak etməli, qanunvericiliyə və hüquqi sənədlərə yazılı rəylər verməli və yarımillik, illik hesabatlar təqdim etməlidirlər. Seçilib bir vəsiqə alıb aradan çıxırlar”.
Qeyd edək ki, 2013-cü ildə ölkəmizdə ictimai nəzarət mexanizminin hüquqi bazasının yaradılması ilə bağlı “İctimai iştirakçılıq haqqında” qanun qəbul edilsə də, son aylar mərkəzi icra hakimiyyəti orqanlarında sürətlə ictimai şuralar yaradılıb.
Son xəbərlər
Son Xəbərlər