Uşaqlıqda yaşlı-başlı bir yolkam vardı. Hər bayramda yüz xahiş-minnətdən sonra atam o yolkanı evin çardağından düşürər, anam isə həmin minnətin daha yüz misli ilə bizim üçün qurardı onu... Qonaq otağındakı pianonun üstü idi başı bəlalı yolkamın yeri. Niyə başı bəlalı? Çünki, oturacaq tinlərindən biri qırıq olduğuna görə iki gündən bir təpəsi üstə ağzı aşağı gələr, əzilər, hər dəfəsində bir-iki oyuncaq itkisi verər və beləcə yolkadan başqa hər şeyə bənzəyərdi…
Qırıq oyuncaqları arxa tərəfə bəzərdim. Görünməsin deyə. Amma heç atmazdım onları. Bir şəkildə düzüb-qoşub, harasınısa harasınasa yapışdırıb, calaq edib, gizlədib, can verən yolkamın varlığını, rəngini, bayram ahəngini qoruyub saxlamağa çalışardım... Hətta Şaxta Babanın piano-üstü “zəlzələ”lərdən sonra saqqalı belə tökülmüşdü. Soyuq Laplandiyanın deyil, isti Dubayın bayram personajlarını xatırladırdı. Yanındakı boynu bükük Qar Qızı görən isə anındaca düşünərdi ki, yeni il bitən kimi onu ərə verib savaba girsin. Yəni o qədər “lijimsiz” idi...
Və...ən maraqlı məqam: Mən elə bilirdim, biz yatan kimi Şaxta Baba Qar Qıza sevgi nağılları söyləyib, onu tovlamağa çalışır. Bu səbəbdən, yatmadan öncə onların hərəsinin üzünü bir yana çevirərdim ki, vəziyyət “kontrol”dan çıxmasın.
***
Bir zamanlar Yeni il axşamı hamı evində oturub qonaq gözlərdi. Hamı bir-birini gerçəkdən sevərdi, təbrik edərdi. Puluna, vəzifəsinə, statusuna baxmadan, fərq qoymadan...
Bir zamanlar mobil telefon və insanı bayramdan iyrəndirən ucdantutma şablon sms-lər də yox idi. Və təbii olaraq kimsə göndərdiyi həmin sms-in altında bəzən ad dəyişməyi unudub məsələn Aftandil adlı birinə Gülçöhrə - deyə də xitab etməzdi...
Bir zamanlar 31-i axşamı bizi TV-lərin indiki kimi duzsuz, məzəsiz söhbətləri, çəkilişləri, “rolik”ləri deyil, hər kəsin həvəslə, maraqla gözlədiyi və ən azından bir neçə gün dillərdə əzbər dolaşan verilişləri qarşılardı...
Bir zamanlar heç “kitayski” Şaxta Babalar da yox idi və onunla “Fəvvarələr meydanı”nda şəkil çəkdirən azyaşlı uşaqların “mama”larından mobil nömrə istəyib, tanış olmaq kimi adətləri də mövcud deyildi həmin Şaxta Babaların...
Hə, bir də o vaxt insanlar növbəti ilin proqnozunu Zirəddinin falçı araşdırmalarına deyil, öz güclərinə, potensiallarına güvənərək verərdilər...
***
İndi isə dəyişib hər şey. Çox dəyişib.
Kimisi 2014-də tikəcəyi torbaların, kimisi ağladacağı növbəti anaların, kimisi də Şaxta Baba qiyafəsinə girib sonunda bədbəxt edəcəyi Qar Qızların cədvəlini tutur, sıralamasını aparır.
İnsanlar o qədər cahilləşib ki, hətta ilin təzələndiyi günə belə “xristian”damğasını vuracaq həddədir! 25-30 yaşında ikən cibindəki 100 manat pulun tamamını mənasız fişəngə, ya da öz dilləri ilə desək “partdadan”a verəcək ağılda...!
İndi bu bayramı (əslində bütün bayramları) böyük əksəriyyət öz arzusuna, zövqünə uyğun deyil, kiməsə, hansı qohumunasa, qonşusunasa, tanışınasa acıq vermək üçün düzənləyir. Məsələn pullu, fəqət ingilis dilini bilməyən sıradan bir həmvətənim üçün Londonun uzaq bir guşəsində, ya da tutaq Parisin dəxilsiz bir otelində ağzını ayıraraq, gözlərini döyərək Yeni il qeyd eləmək min dəfə daha sanballı və karlı bir işdir, nəinki bu bayramı öz evində doğmaları ilə, əzizləri ilə bərabər keçirmək. Niyə? Çünki, o qayıdarkən kiməsə bolluca acıq, “yandıq-yandıq” verəcək, kiminsə atasını nöyütsüz yandıracaq.
P.S Çünki biz ərin arvadla, ananın övladla, bacının bacıyla, qardaşın qardaşla bəhsə-bəhs girdiyi məmləkətdə yaşayırıq...
***
Evin bir küncündə bəzədiyim yolkaya baxıram...Bu dəfə daha dəbdəbəlidir. Hətta, gizlənməli, utanmalı bir qırıq oyuncağı belə yoxdur. Bərq vurur. Göz qamaşdırır bəzən.. Bu dəfə qurulması, bəzənməsi üçün atama və anama da minnətçi düşməmişəm. Heç deyim, Şaxta baba ilə Qar Qızın da üzü artıq qibləyə deyil, bir-birinə tərəfdir. Amma.. Ona baxıb çox qərib şəkildə dalmışam... Sanki uzaqlarda nəyisə axtarırmış kimi dalmışam...
Əlimdəki telefon isə susmur. İyrənc sms-ləri qəbul etməkdədir. Hamısı da eyni məzmunda. Bir insan hüzur və sağlıq arzulamır. Hamının arzuladığı pul və vəzifədir.
Hətta ən yaxınlarımın belə...
P.S Köhnə yolkamı və köhnə insanları özlədim.