“Hamımız Qoqolun “Palto”sundan çıxdıq”

hamimiz-qoqolun-paltosundan-cixdiq
Oxunma sayı: 3618


Əziz oxucular, bu yazıda sizə dünya ədəbiyyatı yazarlarının əsərlərinə təsir edən hadisələr barədə danışacam. 

1. ”Anna Karenina”, “Hərb və sülh” romanlarının böyük yazarı Lev Tolstoy (1828-1910) ömrünün son illərində heç kimin anlamadığı ən doğru qərarını verir. Tolstoy 1910-cu ildə bütün sərvətini və 48 il birlikdə yaşadığı həyat yoldaşı Sophie Behrsi, uşaqlarını, evini geridə qoyub hara gedəcəyinə qərar vermədən yola çıxır. O, 20 noyabr 1910-cu ildə “Astapova” dəmir yolu vağzalının gözətçisinin qaldığı “katej”də vəfat edir.

Tolstoy marksizmdən o qədər təsirlənir ki, demək olar bütün sərvətini kəndlilərə paylayıb ömrünün son illərini də onlar kimi keçirir. Xiristianlıq dini barədə öz zidd düşüncələrini kitablarında dərc etdiyinə görə “Ortodoks Kilsəsi” tərəfindən kilsəyə girişi qadağan edilmişdir. 

2. “Cinayət və Cəza”, “Karamazov Qardaşları” adlı böyük romanların dahi yazarı Fyodor Mixailoviç Dostoyevski hələ bu iki romanı yazmağa başlamamışdan əvvəl son anda ölümdən qurtulur. Dostoyevski 23 aprel 1849-cu ildə dövlət əleyhinə bir təşkilata qoşulduğu iddiası ilə 8 dostu və təşkilatın qurucusu hesab edilən adamla birgə həbs edilirlər. 8 ay çəkən məhkəmələrdən sonra, 9-cu ay ölüm hökmü ilə cəzalandırılırlar.Tam sıraya düzülüb güllələnmə anlarında əff fərmanı verilir. Edam cəzası dörd il yer belləmək və altı il adi həbs cəsasına çevrilir.

3. F.Dostoyevski qumar asılılığı ucbatından qumarda küllü miqdarda pul uduzur. Pulu qalmadığı üçün əsərlərini dərc edən nəşriyyatdan borc istəyir. Nəşriyyatın sahibi isə bu pulu o şərtlə verir ki, yazmaqda olduğu romanı 25 günə bitirib nəşriyyata verməzsə, gələcəkdə yazacağı bütün romanların tələb haqları nəşriyyata keçəcək. Dostoyevski şərti qəbul edir və tez yazmaq yazı sistemi olan stenoqrammadan istifadə edərək “Qumarbaz” romanını 25 günə yazıb bitirir . Və ondan sonra bir daha qumar oynamır.

4. Onore de Balzak o qədər yazı və romanlarına alüdə olurmuş ki, insanın edəbiləcəyindən üstün işləmək əzmi və hirsi ilə yazarmış. Çalışarkən sadə görüntülü otağında yalnız iki yazı stolu olarmış. Yazarkən müxtəlif aralıqlarda bir stolundan digərinə keçər və işləmə əsnasında bir sutkada 50 fincan, bəli-bəli düz oxuyursunuz, 50 fincan qəhvə içərək özünü ayıq saxlamağa çalışırmış. Ölümünün ən vacib səbəblərindən biri də hədsiz qəhvə içmək alüdəçiliyi olub. Deməli məsələ spirtli içki, qəhvə içmək və ya qeyri şeylərdə deyil. Hər şey həddində gözəldir. Həddindən çox olanda ən zərərsiz şey belə öldürücü ola bilir. Bu yerdə Nizamini anmadan keçsək günah olar. Deyir:

Bir inci saflığı varsa da suda,

Artıq içiləndə dərd verir o da.

5. “Hamımız Qoqolun “Palto”sundan çıxdıq” deyən Dostoyevski bu sözüylə Nikolay Vasilyeviç Qoqolun (1809-1852) həm rus ədəbiyyatındakı əhəmiyyətini, həm də ondan sonra gələn yazıçılara necə təsir etdiyini bildirirdi. Amma Qoqol zamanının çarı tərəfindən əsərlərində rus xalqını təhqir etdiyi ittihamıyla xalqına xəyanətdə günhalandırılır. Bunlardan təsirlənən Qoqol ruhi sarsıntılar yaşayır. Həyat və insanlara baxışı dəyişir. Ədəbi yaradıcılığının yerinə dinə marağı artmağa başlayır. Onun ən vacib və şedevr əsərlərindən olan “Ölü Canlar”ın ikinci cildini ölümündən on gün əvvəl mürtəce (İrticanın xeyrinə iş görən, yenilik və tərəqqi uğrunda mübarizədə köhnəlik və vaxtı keçmiş şeyləri müdafiə edən, ictimai və mədəni tərəqqinin əleyhinə gedən; irticaçı.) bir rahibdən təsirlənib dərc etmədən yandırıb yox etmişdir. 

6. Tolstoy “Hərb və Sülh” adlı romanını ilk “1805”  adı ilə “Russkiy Vestnik” qəzetində dərc etdirir. Bundan o qədər də razı qalmayıb, 1866- 1869-cu illər arasında tarixi romanını yenidən yazır. Onun ən böyük köməkçisi və redaktoru həyat yoldaşı Sophia romanı doqquz dəfə oxuyub yenidən düzəltmişdir. Hətta romana ən son qalıcı adını verən də Sophia olmuşdur. Tolstoy bu romanında 500-ə yaxın xarakter cızmış, əsəri redaktələrlə birlikdə yedddi ilə yaxın vaxtda bitirmişdir.

7. Dünya ədəbiyyatında ilk realist roman nümunəsi olaraq göstərilən “Madam Bovari” romanının yazıçısı  Qustav Flober (1821-1880) bu romanında „Əxlaqi dəyərlərə qarşı olduğu “ və  „zina“ ittihamı ilə mühakimə olunduğuna görə roman ancaq 1857-ci ildə kitab olaraq dərc edilmişdir.

8. İrlandiyalı  yazıçı James Joyce (1882-1941) ən dəyərli əsəri, dünyanın ən çətin oxunan romanları arsında ilk sıralarda olan „Ulis“-i 1914-1921-ci illər arasında yazsa da, romanı çap olunması üçün Parisə göndərir və fransız kitabevində redaktorlar İngiliscə bilmədikləri, Joyce-nin əl yazısı oxunaqlı olmadığı üçün kitab bir çox redaktə səhvləri və ardıcıllıq qırıqlığı ilə 1922-ci ildə çap olunur. Joyce bu səhvləri düzəltmək istəsə də gözləri xəstə olduğuna görə fikrindən daşınmaq məcburiyyətində qalır.  Çox tənqidçilər romanın çətin olmasını, axarlı oxunmamasını bu redaktə səhvləri ilə əlaqələndirirlər. 

9. İyirminci yüz ilə bir çox əsərləri ilə damğasını vuran və dilimizə tərcümə olunmuş ilk kitabı “Ürəkbulanma” kimi əjdaha əsərin yazarı, eyni zamanda filosof olan Jan-Pol Sartr(1905-1980)  həm əsərlərinə, həm də siyasi baxışına zərər verəcəyini düşündüyü üçün 1964-cü ildə ona laiq görülən “Nobel Ədəbiyyat Mükafatı”-nı qəbul etməyərək geri çevirib. 

10. Bir gün məşhur fransız yazar Onore de Balzakın (1799-1850) otağına bir dostu girir və onu stolunda oturub ağlayarkən görür.  Soruşur ki, “Niyə ağlayırsınız, Misyö Balzak?” 

“Düşün, yazıq intihar etdi!” -deyə, Balzak cavab verir. Dostu Balzakın öz roman qəhrəmanlarından biri olan Eugenie Grandet-in ölümünə görə  ağladığını başa düşəndə böyük təəccüb və çaşqınlıqla deyir ki, “Axı onu özünüz yazmısınız, Misyö Balzak!”

Balzak cavab verir:  “Nə fərqi var? O öldü!” 

Kaş ki, biz də Qoqolun “Palto”-sundan çıxa bilsək.

(davamı olacaq)