“Hannover International Cup“un püşkatması oldu

hannover-international-cupun-puskatmasi-oldu
Oxunma sayı: 1194


Azərbaycanın Respublika Günündə təşkil olunan tədbirdə doğma ölkəmizi Hannover şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına İdman Klubu (TUS Hannover “Heydar Aliyev” e. V.) idarə heyətinin sədri Etibar Qəniyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Həvəskar oyunçular arasında iyulun 12-də Almaniyanın Aşağı Saksoniya federal əyalətinin paytaxtı Hannover şəhərində keçiriləcək bu “mini dünya çempionatında” 20 ölkənin futbol komandaları yarışacaqlar.

Qeyd edək ki, Azərbaycanın yığma komandası ötən il iyunun 15-də - Milli Qurtuluş Günündə Hannover şəhərində keçirilmiş futbol çempionatında bir çox güclü rəqibləri geridə qoyaraq özünə layiqli yer tuta bilib. 

Mayın 28-də keçirilmiş mərasimdə püşkləri istedadlı futbolçu, Almaniyanın bir sıra futbol klublarında geniş təcrübə toplamış, 16 yaşlı həmvətənimiz Cavid Həbibov çəkib. Püşkün nəticələrinə görə, Azərbaycan yığma komandası “B” qrupunda Rusiya, Cənubi Amerika, Kosovo və Qana kimi çətin rəqiblərlə yarışacaq. Lakin buna baxmayaraq yığma komandamızda əhval-ruhiyyə çox böyükdür. Həmvətənlərimiz bu il ən azı birinci beşliyə daxil olmağı öz qarşılarına məqsəd qoymuşlar. Komandanın heyətinin idman geyimləri, futbol çempionatında iştirakı, məşqlərinin təşkili və digər bu kimi xərclər Hannover şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına İdman Klubu tərəfindən maliyyələşdiriləcək.