Maraqlı fotosessiya etdirmək gözəldir. Gözəl məkanlarda, təbiət qoynunda çəkilən fotolara baxmaq ikiqat zövq verir. İnsanın gözəl görünüşü, xoş əhvalı ilə təbiətin harmoniyası gözləri oxşayır.
Səfər etdiyimiz yerlərdə çəkdirdiyimiz fotolar nə zamansa xatirə tarixçəmiz olur. Kimsə o şəkillərə ötəri nəzər salırsa, biz uzun-uzadı, saatlarla baxırıq. Getdiyimiz yerləri fotoaparatın, videokameranın yaddaşında əbədiləşdirib daim xatırlayırıq...
Bir də var, getmədiyimiz, daha doğrusu, gedə bilmədiyimiz yerlər. Heç gedə bilmədiyiniz yerlərdə çəkdirmədiyiniz şəkillər haqda düşünmüsüzmü? Elə bir yer ki, ora gedə bilərdiniz. Elə bir yer ki, ora uzaq deyil, buna maddi imkanınız çata bilərdi. Lap ovcunuzun içi kimi bir yer. Hətta çoxunuz öz həyətinizdən baxanda o yerlərin uca-uca dağlarını görə bilirsiniz... Amma gedə bilmirsiniz...
Məsələn, Daşaltı, Cıdır düzü, İsa bulağı, Köndələn çay...
Şuşada çəkilmiş ən son fotolarımızın tarixi uzağı, 89-90-cı illərə gedib çıxır. O vaxtlar Cıdır düzündə mənim də fotolarım var. Arxada Topxana görünür. O zaman uşaq olmağıma baxmayaraq Şuşanın bütün gözəllikləri xatirimdədir. Kimsə o şəkillərə baxıb köks ötürürsə, mən Şuşanı xatırlamağa çalışıram. O ki deyirlər a, tunelin sonunda görünən işıq-filan. Bax, o işıq kimi görürəm Şuşanı, Ağdamı, Füzulini, Ağdərəni...
Erməni qızların Qarabağda etdirdikləri fotosessiyalarda üz ifadələrinə diqqətlə baxın. O üzlərdə qəzəb, o gözlərdə qorxu var. Acıq verirlər bizə. Bizim o yerlərdə illər öncə çəkdirdiyimiz fotolarda isə gözəllik, sakit həyatın, firəvanlığın, xoşbəxtliyin nişanələri var. Nə xoşbəxt olmuşuq bir zamanlar! 25 ildən çox tarixi olan o şəkillər saralsa da üzlərdəki xoşbəxtlik saralmır, solmur.
O yerlər ki, oralara fəhlə də, süpürgəçi də gedir və təbiətdən zövq ala bilirdilər.
İndi hansı imkansız məsələn, Qəbələyə istirahətə gedə bilər?
Nəslimizdəki yaşlı adamların fotolarına baxıram. Ən xoşbəxt günlərinin xatirəsi olan fotoları elə 25 il əvvəldən də qabağa təsadüf edir. Şəkilaltı yazıları oxuyuram: “Şuşa-1987”, , “İstisu-1985”, “Kəlbəcər-1986”, “Ağdam-1988”...
Son xəbərlər
Son Xəbərlər