İntiharların əsas səbəbləri...
Dalana dirənmək
Ruhən məğlub insan yaşamaq və hər gün eyni güc – acı reallıq tərəfindən əzilmək, alçaldılmaq istəmir. Çünki insan həmin məqamda – intihar etmək qərarına gələndə düşünür ki, onu sabah bu gündən fərqli, daha xoşbəxt bir gün gözləmir. Sabaha inanmayan, sabahın da bu gün kimi işgəncəli olacağını düşünən insanın nəzərində yaşamağın heç bir mənası qalmır. Beləcə, o, təkrarlanacaq uğursuzluqların, dönə-dönə zülm gətirəcək sabahın əlindən özünü birdəfəlik xilas eləmək fikrini qətiləşdirir. Və beləcə, onu pis günə salan əzablı "bu günlər"dən qisas almaq istəyir. İntihar insanın bu günündən aldığı qisasdır. Anna Karenina da məhz bu günündən – Vronskinin onun görüşünə gəlmədiyi gündən qisas alır. Özünü qatarın altına atmaqla Anna sabahına inanmadığı bu günə qarşı qiyam qaldırır.
Oxşar insan aqibətləri bu gün Azərbaycanda da var. İntiharların çoxu insanlarımızın bu günlərindən aldıqları qisasdır. Çünki təkrarlanan çətinliklər insanların gözündə sabahın həll olunması mümkün dərdi kimi yox, əbədiyyət kimi görünür. Məncə, intiharların səbəbləri öyrənilərkən birinci bu sual aydınlaşdırılmalıdır: Daha çox hansı situasiyalar gəncləri çarəsiz vəziyyətdə qoyur və ölüm nə üçün onlara “sakit gələcək” kimi görünür?..
Anı adlamaq
Vladimir Mayakovski intihar edəndə Marina Svetayeva yazırdı: “İnsan Mayakovski 12 il idi ki, şair Mayakovskini öldürürdü, on üçüncü ildəsə, şair Mayakovski bezib insan Mayakovskinin canını aldı”. O, şairin intiharını onun xilası sayırdı. Ona görə də bu ölümü şeirin qələbəsi kimi qəbul edib, onun beynini dağıdan gülləni "lirik güllə" adlandırmışdı. Mayakovski intihar etməmişdən az əvvəl yazmışdı: "Bağışlayın məni, bilirəm bu yaxşı iş deyil (heç kəsə məsləhət görmürəm), amma bundan başqa çıxış yolum yoxdur".
Halbuki illər öncə Sergey Yesenin intihar edəndə Mayakovski onun ölümünə yazdığı ağı beləydi:
Ölmək dünyada ən
asan işdi,
çətini yaşamaqdır.
Marina Svetayeva intihar edəndə isə Anna Axmatova onun bu addımını alqışlayırdı, hesab edirdi ki, Marina onun ürək etmədiyi bir işi gördü. Beləcə Mayakovsknin intiharını Marina Svetayeva, Svetayevanın özünə qəsd etməsini Anna Axmatova “alqışlayırdı”...
Görünür, intihar elə bir məsələdir ki, heç kəs ondan sığortalanmayıb. Hər kəs vəziyyətin tələbi ilə özünə əl qaldıra bilər. Sadəcə intihar edən adam “ölüm qərarı” verdiyi anı adlaya bilmir. O, anı adlasa özünü öldürməz. Və ölkəmizdə aidiyyati qurumlar tərəfindən sosioloji sorğular aparılmalıdır ki, Azərbaycan gəncliyinin adlaya bilmədiyi anlar hansılardır?
Kimliyini danan ölüm
Özünə asmamışdan bir neçə gün öncə Marina Svetayeva “Sovet yazıçılar evi”nə qabyuyan işləmək üçün müraciət eləmişdi. Onu təcrübəsiz olduğuna görə işə götürməmişdilər. Sovet imperiyasına şair Svetayeva təcrübəli qabyuyan kimi lazım idi, o isə bu işdə səriştəli deyildi.
İnsanlar istəmədikləri, onların həqiqi kimliyini itirən işlərdə çalışırlar və beləcə hissə-hissə məhv olurlar. Bu cür intiharları ölkəmizdə daha çox kişilər edirlər. İnsan onun mənəvi mahiyyətini ifadə etməyən işdən əldə etdiyi pulu qazanc yox, üstündə ilan yatan xəzinə hesab edir. Bu gün ölkəmizdə intiharlarla bağlı bu sualın da cavabı açıq qalmamalıdır: Hansı sahələrdə çalışan insanlar arasında intihar edənlər daha çoxdur?
Fərid Hüseyn
Son xəbərlər
Son Xəbərlər