Haqlarında yazılanlara belə cavab verdilər

haqlarinda-yazilanlara-bele-cavab-verdiler
Oxunma sayı: 5075

Rusiyanın Xalq artisti, opera divası Anna Netrebko Milanın “La Skala” opera teatrı ilə aralarındakı müqaviləyə xitam verilməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, instaqramda yazıb: “Xahiş edirəm, cəfəng-cəfəng şeylər danışmayın! Məni heç kim “La Skala”dan işdən çıxarmayıb. Mən özüm ora getməmişəm, çünki hazırda çıxış etməyi lazım hesab etmirəm! Mənim həyat yoldaşım Yusif Eyvazov hazırda La Skaladadır və tamaşalara hazırlaşır”.

Opera müğənnisi Anna Netrebkonun eksklüziv nümayəndəsi, “Berin Iglesias Art” prodüser şirkətinin təsisçisi Maksim Berin artistin səhnədən müvəqqəti gedişini psixoloji fasilə adlandırır. Qazeta.ru qeyd edir ki, M. Berinin sözlərinə görə, bu qərarı Ana Netrebko özü verib: “Belə şey baş verən vaxtı, əlbəttə ki, səhnəyə çıxmaq heç kimə lazım deyil və heç bir tərəfdən, o cümlədən etik və psixoloji tərəfdən doğru deyil. Anna hələlik susmaqla doğru qərar qəbul edib”.

Y. Eyvazov da xəbərlərə münasibət bildirib. Hazırda Milanda olduğunu bildirən opera ifaçısı bunları qeyd edib: “Yenidən “La Skala” teatrına Devid Makvikerin inanılmaz dərəcədə gözəl quruluş verdiyi “Adrian Lekuvryor” operası ilə qayıtdığım üçün çox xoşbəxtəm”.  

A. Netrebko Bavariya Dövlət Operasının onunla əməkdaşlığa son qoyması haqda xəbərləri də şərh edib: “Gergiyevlə foto paylaşıdığım üçün Bavariya operası mənimlə iyul müqaviləsini ləğv etdi”.

Xatırladaq ki, daha əvvəl Bavariya Dövlət Operasının icraçı direktoru Serj Derni Anna Netrebko və dirijor Valeri Gergiyevlə əməkdaşlığa son qoyduqlarını açıqlamışdı.