“Haqsız rəqabət hesabına vergilərin ödənilməməsi siyasətini dəstəkləmirik”

“Haqsız rəqabət hesabına vergilərin ödənilməməsi siyasətini dəstəkləmirik”
Oxunma sayı: 656

"Hesab edirəm ki, Azərbaycanda aparılan bir sıra islahatların nəticələri müsbətdir. Bu, xüsusən də vergi yoxlamalarının və vergi yükünün azaldılmasında özünü göstərir".

"Qafqazinfo" xəbər verir ki, bu fikirləri Avropa İttifaqı - Azərbaycan biznes forumunda çıxış edən Vergilər naziri Mikayıl Cabbarov deyib. Nazir əlavə edib ki, vergi yoxlamalarının və vergi yükünün azaldılmasına baxmayaraq, vergi daxilolmaları artıb: "Biz bu tendensiyanı 5 ayda qoruyub-saxlamışıq. Bunlar daha çox yoxlamalar və sanksiyalar hesabına deyil, könüllü əməletmə hesabına olub. Vergi daxilolmalarının artımı 92 faiz könüllü əməletmə hesabına baş verib".

M.Cabbarov qeyd edib ki, 2020-ci ildə də Vergi Məcəlləsində bir sıra dəyişikliklər gözlənilir: "Bu dəyişikliklər ötən illər müzakirə apardığımız və növbəti ilə nəzərdə tutduğumuz dəyişikliklərdir. Bunlar əsasən texniki dəyişikliklərdir".

Nazir, həmçinin, qeyri-şəffaf rəqabətin mövcudluğunun vergi daxilolmalarına mənfi təsir etdiyini vuğulayıb: "2018-ci ili keçid ili elan etmişdik. Artıq 2019-cu ilin birinci yarısı sona çatır. Onu demək istəyirəm ki, vergi qanunvericiliyi üzrə pozuntularla bağlı Vergilər Nazirliyinin mövqeyində sərtləşmə olacaq. Haqsız rəqabət və qanunvericiliyin pozulması hesabına vergilərin ödənilməməsi siyasətini biz dəstəkləmirik. İyunun 1-nə olan məlumata görə, son 5 ay ərzində qeyri-neft sektorunun özəl bölməsində 66 mindən çox yeni əmək müqaviləsi qeydiyyata alınıb. Ötən il isə bu rəqəm 96 min olub. Bu, 70 faizdən çox artım deməkdir".


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi