Haram puldan imtina etmək

haram-puldan-imtina-etmek
Oxunma sayı: 1653


Anası dünyagörmüş qadın idi. Yazıb-oxumağı bacarmasa da, zəmanənin işlərindən baş aça bilirdi. Həyat yoldaşını itirəndən sonra o, övladlarına həm ata, həm də ana olmuşdu. Belə zirək anası olduğu üçün özünü xoşbəxt sayırdı.

Rəhmətlik atası xəsis adam olduğundan arvadına heç vaxt pul vermirdi. Heç qadın özü də pula maraq göstərmirdi. Maaşını həmişə həyat yoldaşı alırdı. Əri dünyasını dəyişəndən sonra bu iş uşaqların öhdəsinə düşdü. Bunun sadə səbəbi vardi: anası pul tanımırdı.

İllər bir-birini əvəz etdikcə qardaşlar quş kimi pərvazlanıb, “yuva”dan uçmağa başladılar. Özündən böyük qardaşları kimi o da ali təhsil almaq üçün Bakıya üz tutdu. Əvvəl institutda, sonra aspiranturada oxudu. Dissertasiya işini müdafiə edib, elmlər namizədi olandan sonra kənd həyatına birdəfəlik “əlvida” dedi. Artıq 30 ildən çoxdur ki, paytaxtdakı ali məktəblərdən birində müəllim işləyir. İndi o, ölkənin adlı-sanlı elm adamlarından biridir.

Professor qohum-əqraba ilə ünsiyyətdən qaçsa da, anasını heç vaxt unutmurdu. İldə beş-altı dəfə maşınına oturub kəndə gedər, anasına baş çəkəndən sonra geri qayıdardı. Kiçik qardaşı anasına yaxşı baxdığı üçün kəndə həmişə əliboş gedərdi. Onun gəlişi anası üçün ən böyük hədiyyə idi.

Kənddən 15 gün əvvəl qayıtsa da, ürəyindən yenə anasına baş çəkmək keçirdi. Sonuncu səfərində anası gözünə birtəhər görünmüşdü. Qərara aldı ki, gələn həftə yenə kəndə getsin. Qorxurdu ki, anasını bir daha görə bilməsin…

Dörd gün sonra 316-cı qrupda imtahanı vardı. Həmişə olduğu kimi, yenə qrup nümayəndəsini yanına çağırdı: “Hər uşaqdan 100 manat yığarsan”.

Oğlan otaqdan çıxandan sonra öz-özünə dedi: “Bu pulun hamısını anama verəcəm”. Sonra isə indiyə kimi anasına pul vermədiyinə görə özünü qınadı.

Qrup nümayəndəsi tələbələrdən yığdığı pulu iki gün sonra onun masasının üstünə qoydu. Bu dəfə adətinə xilaf çıxaraq, zərfin ağzını açmadı: “Məbləğin heç bir əhəmiyyəti yoxdur. Onsuz da anam pul tanımır. Əgər götürməsə, balıncının altına qoyub, evdən çıxacağam…”

Ertəsi gün işə getməyə macal tapmamış mobil telefonuna zəng gəldi. Qardaşı çətinliklə bu sözləri deyə bildi: “Ana öldü”.

Üç saat sonra ata yurduna çatdı. Hamı yaxınlaşıb ona başsağlığı verir, anası haqda xoş sözlər deyirdi. Amma anasının ölümü onu sarsıtdığı üçün deyilən sözlərin fərqinə varmırdı.

Dəfn mərasimi başa çatandan sonra qardaşının qoluna girdi: “Nəyə ehtiyac var?”

Qardaşı onu arxayın etdi ki, heç bir sıxıntısı yoxdur, hüzr mərasimini özü yola verəcək.

İsrar etmədi. Qərara aldı ki, sabah Bakıya qayıdanda zərfi qardaşına verib, analarına qara mərmərdən başdaşı düzəltdirməyi tapşırsın.

Gecə anası yuxusuna girdi. Arvad çox qəmgin görünürdü. Anasının əllərini ovcuna alıb, sığallamağa başladı: “Niyə belə bikefsən? Mənə nəsə demək istəyirsən?”

Anası bir dəri, bir sümük olan əlini onun saçlarında gəzdirdi: “Sabah uşaqların pulunu qaytar. Yoxsa, südümü sənə halal etmərəm”.

Gözünü açanda qardaşını başının üstündə gördü: “Deyəsən, pis yuxu görürdün…”

Paltarını geyinib, həyətə çıxdı. Hava yenicə işıqlanırdı. Qolundakı saata nəzər saldı: “Yolda ləngiməsəm, imtahana çata bilərəm”.

Üç saat sonra maşını universitetin qarşısında dayandı. Kabinetinə girən kimi qrup nümayəndəsini yanına çağırıb, iki gün əvvəl aldığı zərfi ona uzatdı: “Uşaqların pulunu qaytar”.

Oğlan zərfi pencəyinin döş cibinə qoyub, bir göz qırpımında otağı tərk etdi. Yalnız bundan sonra rahat nəfəs aldı. Sanki üstündən ağır bir yük götürülmüşdü. Anasının sayəsində ilk dəfəydi haram puldan imtina edirdi. Amma ona necə minnətdarlıq edəcəyini bilmirdi. Çünki çox gec idi…