Adalet.az xəbər verir ki, tədbir Xocavənd rayonunun Haramı düzündə yerləşən Xocavənd qəsəbəsindəki mədəniyyət evində olub. Yubiley tədbirində Milli Məclisin deputatı Aydın Mirzəzadə, tənqidçi Vaqif Yusifli, Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsinin sədri, şair Ənvər Əhməd, yazıçı Elçin Hüseynbəyli, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov və başqaları çıxış edərək yubilyarın həyat və yaradıcılığından danışıblar, ona can sağlığı, daha böyük yaradıcılıq fəaliyyəti arzulayıblar. Tədbirdə Əbülfət Mədətoğlunun yaradıcılığına həsr olunmuş videofilm göstərilib, məktəblilər şairin şeirlərini söyləyib. Yubilyara rayon icra hakimiyyətinin xatirə hədiyyəsi təqdim edilib.
Sonda yubilyar çıxış edərək, tədbirin təşkilatçılarına, tamaşaçılara, qonaqlara xüsusi minnətdarlığını bildirib. Şair deyib ki, onun yaradıcılığına göstərilən bu diqqəti heç vaxt unutmayacaq və bundan sonrakı yaradıcılığını böyük ruh yüksəkliyi ilə davam etdirəcək.
Əbülfət Mədətoğlu 1959-cu il yanvarın 1-də Xocavənd rayonunun Tuğ kəndində anadan olub. Tuğ kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsində təhsil alıb. Müxtəlif illərdə "Araz”, "Qarabağ”, "Azərbaycan ordusu” qəzetlərində işləyən Əbülfət Mədətoğlu hazırda "Ədalət” qəzetində baş redaktorun müavini kimi fəaliyyət göstərir.
Bədii yaradıcılığa orta məktəb illərindən başlayan Əbülfət Mədətoğlunun yazıları dövri mətbuatda vaxtaşırı dərc edilib. Yubilyarın bu günədək "Səməni nəğməsi”, "Nilufər çiçəyi”, "Dərdini danışan adam”, "Nişanə”, "Ehtiyacın elçi daşı”, "Döymək istədiyim qapılar”, "Allah, məni unutma” "Ürəyimdəki sənsən”, "Hər görüş bir ümiddir”, "Sevgi pıçıltıları”, "Yanan məktublar”, "Mənim kimi sevə bilsən”, "Gözləyənim var” şeirlər və "Qəhrəman İbad”, "Zəhmli polkovnik”, "Üfüqdə görünən adam” sənədli povestlər kitabları işıq üzü görüb.
Şairlər daha çox ürəkləri ilə yaşayırlar. "Ədalət” qəzetnin kollektivi Əbülfət Mədətoğluna ürəyinin ritmi ilə ahəng yaşamağı arzulayır. Yaşasın və yaratsın. Əbülfət Mədətoğlu yazsın, biz oxuyaq. Şairin bir şeirini təqdim edirik, həm biz oxuyaq, həm siz.
Deyirsən ki, bu olanlar
olacaqmış
Bu boşalan
boşalmalı,
bu dolanlar dolacaqmış...
Bu bitənlər göyrəməli,
Bu solanlar solacaqmış...
bu gedənlər getməliymiş,
bu qalanlar qalacaqmış...
bu satanlar satdıqların
bu alanlar alacaqmış...
Deyirsən ki,
hər şey göydən gələn yazı
Kim narazı - mən razı
fərq eləməz,
yol beşikdən-behiştədi...
Amma insan - iz qoymalı
nişanədi!
Bacarmırsa,
ya heç buna
cəhd etmirsə,
demək hər şey
kimlərinsə uydurduğu bəhanədi...