“Havanın keyfiyyəti yaxşılaşıb” - Milli Hidrometeorologiya Xidməti

havanin-keyfiyyeti-yaxsilasib
Oxunma sayı: 1520

“Atmosfer havası üzrə avtomatik stansiyalardan əldə olunan məlumatlara əsasən yanvar ayı ərzində Xətai, Nizami, Nərimanov rayonları ərazisində havanın keyfiyyət göstəriciləri norma daxilində olub”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova deyib.

“Lakin yanvar ayının bəzi günlərində Səbail rayonunda havada PM dispers toz hissəcikləri, Gəncə və  Sumqayıt şəhərlərində isə azot-4 oksid normadan bir qədər yüksək qeydə alınıb”, - deyə o əlavə edib.

Xidmət rəsmisinin sözlərinə görə, yanvar ayı ərzində əsasən yağıntılı günlərin üstünlük təşkil etməsi  atmosfer havasında həm qaz qarışıqlarının, həm də dispers toz hissəciklərinin miqdarının azalmasına və hava keyfiyyətinin yüksəlməsinə səbəb olub: “Belə ki, ötən ilin yanvar ayı ilə müqayisədə bu ilin yanvar ayı ərzində atmosfer havasının çirklənmə səviyyəsi daha aşağı qeydə alınıb”.

“Yaxın günlərdə yağıntılı və küləkli hava şəraitinin  proqnozlaşdırıldığını nəzərə alsaq, yanvar ayının sonunadək havanın keyfiyyətinin yaxşı olacağı gözlənilir”, - deyə o vurğulayıb.