“Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkənin regional ticarət və logistika mərkəzi olmaq potensialını dəfələrlə artırır”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin müşaviri Emil Məmmədov AZƏRTAC-a müsahibəsində deyib.
Müşavir vurğulayıb ki, ADY-nin tranzit yükdaşımalarında son üç ilin göstəriciləri üzrə müsbət artım dinamikası müşahidə olunur: “Cari ilin beş ayında 7,6 milyon tondan çox yük daşınıb ki, bunun 3,2 milyon tondan çoxu tranzit yüklərin payına düşür. Tranzit yükdaşımada ötən ilin eyni dövrü ilə müqayisədə 9% artım qeydə alınıb. Cari ilin yanvar-may ayları ərzində Çindən cəmi 74 blok qatar göndərilib. İndiyə qədər qəbul edilən 64 blok qatarın 40-da idxal, 24-də isə tranzit yüklər daşınıb. Hazırda 10 blok qatar Çindən Azərbaycan istiqamətində yoldadır”.
E.Məmmədov qeyd edib ki, ADY-nin Strateji Sənədinə əsasən, 2030-cu ilə qədər qarşıya bir sıra vacib tapşırıqlar qoyulub: “Onların sırasında Şərq-Qərb və Şimal-Qərb dəhlizlərinə fokuslanaraq Çin-Türkiyə və Rusiya-Türkiyə ticarətindən daha çox yararlanmaq, ixrac və idxal əməliyyatlarında bazar mövqeyini saxlamaq, regional və qlobal tərəfdaşlıqları genişləndirmək, rəqabətədavamlı kommersiya əməliyyatları qurmaq və s. var. Eyni zamanda, BTQ dəmir yolu xətti və Orta Dəhlizlə əməliyyatların daha səmərəli olmasını təmin etmək üçün çalışırıq. Bunun üçün həm ölkə daxilində, həm də xaricdə müasir, inteqrə olunmuş və dayanıqlı şirkət brendinin formalaşdırılması istiqamətində zəruri addımlar atırıq”.