““Hə” desəm, mənə inanacaqsız?” - “Neftçi”nin baş məşqçisi

he-desem-mene-inanacaqsiz
Oxunma sayı: 2169

Azərbaycan Premyer Liqasında XX turun “Neftçi” – “Zirə” oyunundan (1:0) sonra meydan sahiblərinin baş məşqçisi Laurentsiu Regekampf jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo” xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib:

“Nəticəyə görə çox sevinirəm. Kiçik problemləri olan bəzi oyunçular bizə qoşulub. Buna görə şadam. Yeni futbolçuların oyunundan razı qaldım. Getdikcə daha yaxşı olmalıyıq. “Sabah”la oyundan sonra demişdim ki, təlim-məşq toplanışında çoxlu zədəli oyunçularımız var idi. Bütün komanda ilə bərabər hazırlaşa bilmədik. Bu gün qazandığımız 3 xal bizim üçün çox vacibdir. “Zirə” bizdən 10 xal geridədir. Növbəti oyunlara köklənməliyik”.

- Emin Mahmudovun ətrafında çox söz-söhbətlər gəzir. Onun “Neftçi”dən getmək istədiyi bildirilir. Azarkeşlər də onu komandanı tərk etməyə səsləyirdi...

- Bu şeylərlə razı deyiləm. Azarkeşlərin dediklərini şərh edə bilmərəm. Onlar fanatdırlar, nə hiss edirlərsə, deyə bilərlər. Öz tərəfimdən deyə bilərəm ki, Emin nümunəvi “Neftçi” oyunçusudur. Milli komandanın kapitanıdır. Bizim üçün çox vacibdir və oyunlarda yaxşı çıxış edir. Öz tərəfimdən və rəhbərlik tərəfindən lazım olan addımlar atılır ki, yayda da bizimlə qalsın. Emin bizim üçün çox vacibdir.

- “Sabah” 8 xallıq fərqi saxladı. Azarkeşlər 2-ci yeri gözləsin?
- “Hə” desəm, mənə inanacaqsız?

- Azarkeşləri inandırmaq lazımdır...
- Fanatların dediklərinə şərh verə bilməyəcəm. Qələbə zamanı sevinir, uduzanda üzülürlər. Bu, normaldır. Əlimizdən gələni etməyə çalışırıq ki, hər oyunda qələbə qazanaq. Nə baş verəcəyini sonda görəcəyik.

- Qışda heyətin genişlənəcəyi gözlənilirdi. Ancaq üç futbolçu getdi, üçü gəldi. “Neftçi” gücləndi, yoxsa zəiflədi?
- Qodsvey Donyo və Yusuf Lavalı itirəcəyimizi gözləmirdik. Bu, planlarımıza daxil deyildi. Qışda üç yeni futbolçu cəlb etməyi planlaşdırırdıq. Davamlılığın lazım olduğunu deyəndə transferləri də nəzərdə tuturam. Gələnlər də azı 1 il oynamalıdırlar ki, komandaya, çempionata uyğunlaşsınlar. Bir neçə ay oynayıb getmək də yaxşı hal deyil. Bu, biz tərəfdən olan bir şey deyil. Laval yaydan getmək istəyirdi, müqavilə bağlamışdı. Donyo da qalmaq istəmirdi. Mən onları saxlaya bilməzdim. Lavalla Lebonun eyni mövqeyi bölüşdüyünü təsəvvür etsək, bizim üçün daha yaxşı olardı. Donyonun da qalmağı bizə fayda verərdi. Bu situasiya üzərində işləyirik. Bir yeni futbolçu cəlb edəcəyik. Amma bu elə də asan deyil.

- Yalnız bir futbolçu?
- Qış fasiləsində neçə futbolçu gətirmək olar? Müdafiəçi, hücumçu, vinger gətirmişik. Düşünməyin ki, arxamızda qızıl bank var. Müəyyən büdcəyə malikik. Hər ay komandada olanların məvaciblərini almasına çalışırıq. İstəyirik ki, hamı xoşbəxt olsun. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Bəlli büdcəmiz var. Futbol kənardan başqa cür görünə bilər. Amma elə də asan deyil.