İyunun 2-də “Media forum” saytına danışan Əsabəli Mustafayev deyib ki, Bakı polisinin Binəqədidə yerləşən məntəqəsindəki kameraların qeydə aldığı görüntüləri istəyir: “Binəqədi Rayon Prokurorluğuna vəsatət göndərmişik. Orxanın Eyyubzadə inzibati həbsdə olduğu zaman iki polis əməkdaşına müqavimət göstərməkdə ittiham olunur. Binəqədidəki məntəqədən video görüntülərin alınması və onlara istintaqda baxış keçirilməsini istəmişik”.
Orxan Eyyubzadə mayın 6-sı “Nida” fəallarına hökm oxunarkən Bakıda keçirilən etiraz aksiyasında tutularaq 20 sutka həbs cəzası almışdı. Cəzasını Bakı polisinin Binəqədidəki məntəqəsində çəkən fəal mayın 26-da azadlığa çıxmalı idi. Ancaq həmin gün ona cinayət işi qaldırılıb.
Binəqədi Rayon Məhkəməsi mayın 27-də Orxan Eyyubzadə barədə 1 aylıq həbs qətimkan tədbiri seçib. Bakı İstintaq Təcridxanasına salınan gənc Cinayət Məcəlləsinin 315.1 maddəsi ilə ittiham edilir. İşi Binəqədi Rayon Prokurorluğu aparır.
Cinayət Məcəlləsinin 315-ci maddəsinin 1-ci hissəsinə görə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Son xəbərlər
Son Xəbərlər