Həbs olunan xəstəxana direktoru 31 min rüşvət alıbmış

hebs-olunan-xestexana-direktoru-31-min-rusvet-alibmis
Oxunma sayı: 2022

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Fövzi Tahirovun cinayət işinin istintaqı yekunlaşdırılıb.

​Baş Prokurorluqdan "Qafqazinfo"ya verilən məlumata görə, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Fövzi Tahirovun qeyd olunan vəzifədə işləməklə Həkim Məsləhət Komissiyasının sədri səlahiyyətlərini həyata keçirərkən 2019-2020-ci illər ərzində xəstələrin sənədlərinin əlillik dərəcəsinin müəyyən edilməsi məqsədi ilə aidiyyəti qurumlara göndərilməsi müqabilində hər bir şəxs üçün 500-2000 manat olmaqla ümumilikdə 24 şəxsdən 28 min 400 manat məbləğində pul vəsaitini xidməti otağında rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaq zamanı Fövzi Tahirovun rəhbərlik etdiyi tibb müəssisəsinə işə qəbul olunmaq üçün ona müraciət etmiş ayrı-ayrı şəxslərin qeyd olunan xəstəxanada işlə təmin olunması müqabilində 3 min manat pul vəsaitini xidməti otağında təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Fövzi Tahirova Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.