Həsən Hüseynlinin üstündə cinayət işi var, o, Gəncə sakini Arzu Qəhrəmanova bıçaqla xəsarət yetirməkdə ittiham olunur.
- Azad olunandan sonra bildirmişdiniz ki, 24 saat ərzində sizə polis nəzarəti altında olmağın şərtləri təqdim ediləcək...
- Məndən yaşayış yeri, ailə tərkibi haqqında arayış istəmişdilər. Aprelin 3-də aparıb polisə verdim, müstəntiq şəxsiyyət vəsiqəmi özümə qaytardı. Dedi ki, sadəcə istintaq bitənə qədər sizi axtarası olsaq, gələrsiniz. Dedi, tutaq ki, Bakıya getmək istəyirsiniz, zəng vurub xəbərdar edin. Başqa bir şərt qoyulmadı. Sadəcə xəbər verməklə ölkə daxilində sərbəst hərəkət edə bilərəm. Yəni istintaq gedir deyə məni hansısa səbəbə görə axtarası olsalar, tapa bilməlidirlər. Dedilər istintaq hərəkətləri kimi ekspertiza aparırlar.
- Bıçaqla bağlı hər hansı ekspertiza aparılıbmı, bu haqda sizə nə məlumat verilib?
- Bu haqda soruşdum, deyirlər edəcəyik. Əslində birinci elə bu ekspertiza aparılmalıdır. Digər ekspertizalar keçirilib. Həkim şəxsin qolundan yaralandığını, sağ əlinin də kəsildiyini təsdiq edib. Bunu necə ediblər, özləri bilir. Vacib olan bıçaqdır, onun da ekspertizası aparılmır.
- Başınıza gələnləri şər-böhtan kimi qiymətləndirmisiniz, bu haqda düşünüb analiz aparmalıyam demisiniz. Nə qənaətə gəldiniz?
- Bu, hər halda şəxsi motivdə olan bir iş deyil. Mənim Gəncədə indiyə qədər heç kəslə düşmənçiliyim, bir problemim olmayıb ki, kimsə qurğu qursun. Yeganə səbəb ictimai fəaliyyətim ola bilər. Kim bu qurğuda maraqlıdır, onu da ayırd edə bilmirəm.
- Saxlandığınız müddətdə müdafiəçiləriniz sizə əvvəllər təzyiq olunduğunu deyib. Bu təzyiqlər hansı formada göstərilib, hər hansı zənglər edilibmi və ya yerli hakimiyyət orqanlarından sizə müəyyən basqılar olubmu?
- Bunlar rəsmi şəkildə edilməyib. QHT-lərdə vergi yoxlaması nadir hallarda aparılır. On-on beş il fəaliyyətdə olan QHT-ni hər hansı formadasa yoxlayırlar. Amma təşkilatımın fəaliyyətinin cəmi dördüncü ilində vergi yoxlaması gəldi. Hətta lazım olandan da artıq vaxt sərf etdilər, yoxladılar, müsbət rəy verib getdilər. Bu, təzyiq deyil, amma faktı yoxlayanda görünür ki, Azərbaycanda min QHT varsa, indiyə qədər beşi yoxlanıb.
Tələbələrə universitetdən “Kamil Vətəndaş” təşkilatına getməməyi tapşırırlar. Göstərişi kim verir, özbaşlarınamı qərara gəliblər, bilmirəm. Bura qumarxana deyil ki?.. Gənclərin maarifləndirilməsi, xaricdə təhsil alması ilə bağlı məşğələlər keçirilir, kömək edilir.
- Gəncənin icra başçısının iclaslarda ünvanınıza narazılıqlar səsləndirdiyi deyilir. Bu haqda sizə nəsə deyilibmi?
- Olub belə hallar. Amma buna fakt demək də çətindir. Mən o iclaslarda iştirak etmirəm. Sadəcə xəbər gəlir ki, filan iclasda sizin adınız çəkilib, deyirlər gənclər “Kamil Vətəndaş” adlı təşkilata gedir, düzgün istiqamət almırlar. Tərifləmirlər ki, uşaqlar gedir, maariflənir, onlarda liderlik qabiliyyəti yaranır, əksinə, guya biz gənclərin başını xarab edirik. “Kamil Vətəndaş” təşkilatının vasitəsilə Gəncədən indiyə qədər 150-200 gənc Amerikada, Avropada təhsil alıb.
- İndiyədək həyata keçirdiyiniz layihələrdə hər hansı maneə ilə üzləşmisinizmi?
- Hərdən hansısa layihə ilə bağlı tədbir pozulub. Bu da QHT-lərin ümumi problemidir. Məsələn, hansısa otelin konfrans zalında tədbir keçirməlisən. Tədbir günü otel yiyəsi deyir, yox, bu gün yer tutulub, məşğuldur. Axı biz beş gün əvvəl danışıb razılaşmışıq, bəlkə kimsə mane olur? Deyir, qardaş, yox, mən istəmirəm. İcra hakimiyyətinin ictimai təşkilatlarla işləyən şöbəsinə zəng edilir, şikayət olunur. Onlar da deyir biz heç nə edə bilmərik. Faktiki olaraq göstəriş onlardan gəlir, amma boyunlarından atırlar. Biz tədbirlərimizi adətən təşkilatda keçirdiyimiz üçün belə hallarla az üzləşirik. Amma əgər universitetdən tələbəyə təşkilatın tədbirinə gəlməyə icazə verilmirsə, bunun özü də maneədir. Konkret təşkilata gəlib bizə qadağa, maneə tətbiq edilməyib.