“Həbsdən çıxıb müxalifətə qoşulanlara vaxtında cəza verilsəydi...”

hebsden-cixib-muxalifete-qosulanlara-vaxtinda-ceza-verilseydi
Oxunma sayı: 2529

“Azərbaycanda bir Təhsil  Nazirliyindən başqa, bütün nazirliklərin istintaq idarəsi var. Hələ bəzilərinin cinayət-axtarış idarələri də var”.

“Qafqazinfo” xəbər verir ki, bunu YAP-çı deputat Siyavuş Novruzov ölkədə istintaq idarələrinin sayının çoxluğundan danışarkən deyib.

Onun sözlərinə görə, istintaq idarələri aydındır ki, bir və ya iki dövlət qurumunda ola bilər: “Qalanların hamısı ümumi olmalıdır. Orada əldə edilən dəlillər bitdisə, ondan sonra hansı istintaq idarəsinə aparıb verirsənsə ver, ordan heç nə əldə etmək olmaz. Əgər bir qurum özü tutub özü istintaq aparırsa, söhbət hansı tərəfin güclü olmasından və yaxud məsələnin qanunauyğun şəkildə yerinə yetirilməsindən gedə bilər?! Ona görə də müəyyən qənaətlər əldə etmək istəyiriksə, müxtəlif istintaq idarələrini də mərkəzləşdirməliyik”.

S. Novruzov həmçinin qeyd edib ki, bu gün həbsdən çıxıb müxalifətə qoşulanlar vaxtilə mindən artıq məhkəmə qərarını pozub: “Hansı ki Azərbaycan vətəndaşını işə bərpa etməyib və dövlətdən narazı salıb. Qanunu yerinə yetirmədiyinə görə ona vaxtında cəzalar verilsəydi, başqa  cinayətə yol verməzdi”.

Deputat Qənirə Paşayeva da çıxışında məhkəmə qərarlarında, hökm və qətnamələrində bir-birinə zidd məqamların olmasından, məhkəmə süründürməçiliyindən, burada qanunazidd halların yaşanmasından narahatlığını ifadə edib.

Millət vəkili xüsusilə, məhkəmə qərarlarının icrasının təmin olunmamasından şikayətlənib:

“Məsələn, alimentlərlə bağlı məhkəmə qərarlarının əksəriyyəti icra edilmir, yerinə yetirilmir. Eyni zamanda, yerlərdə vəkillik institutunun gücləndirilməsinə ciddi ehtiyac var. Əgər vəkillik instututu yerlərdə də gücləndirilərsə, bu, məhkəmə qərarlarının ədalətli olmasında və icraya yönəldilməsində öz müsbət təsirini göstərər. Mən də  həmçinin hər qurumun ayrıca istintaq komitəsinin olmasını düzgün hesab etmirəm. Çünki bu zaman onların müstəqilliyindən, ədalətliliyindən danışmaz olmaz. Odur ki, bütün istintaq komitələri vahid bir komitədə birləşdirilməlidir”.

Günel Türksoy