“Heç ağlıma belə gəlməzdi ki...” - Prezidentin mükafatlandırdığı fermer

hec-aglima-bele-gelmezdi-ki
Oxunma sayı: 4674

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Bərdədəki Mədəniyyət mərkəzində pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Biləsuvar rayonunun Aşağı Cürəli kəndinin sakini, fermer Fazil Musayev də müşavirədə çıxış edib. O bildirib ki, əvvəlki illərdə nəticələr o qədər də yaxşı deyildi:

"Bir pambıqçı ailəsinin üzvü kimi hələ gənc yaşlarımda mən ulu öndərimiz Heydər Əliyevin zəhmət adamlarına, xüsusilə pambıqçılara böyük diqqət və qayğısının, insanların isə ona hədsiz məhəbbətinin və rəğbətinin canlı şahidi olmuşam. Bu gün də Siz pambıqçılığı inkişaf etdirməklə sadə əmək adamlarını öz ənənəvi peşələrinə qaytarır, minlərlə insanın məşğulluğunu təmin edir və onların halal zəhmətləri ilə ailələrinə ruzi-bərəkət aparmalarına şərait yaradırsınız. Bir sözlə, Siz pambıqçılığın inkişafı sahəsində elə bir inqilabi dönüş, bizə elə bir şərait yaratmısınız ki, artıq həyatımız yaxşı mənada tamamilə dəyişib, işimiz rahatlaşıb, gəlirlərimiz çoxalıb.

Möhtərəm cənab Prezident, mən uzun illərdir ki, kənd təsərrüfatı sahəsində çalışıram, torpaq adamıyam və fəaliyyətimin əsas sahəsi həmişə pambıqçılıq olub. Ancaq açığını deyim ki, əvvəlki illərdə nəticələrimiz o qədər də yaxşı deyildi. Texnikadan, dərmanlardan, sudan çətinlik çəkirdik. Ancaq Siz son bir neçə ildə pambıqçılığı inkişaf etdirməklə bizə geniş imkanlar yaratdınız. Burada elə ən çox qazanan da məhz torpağa bağlı zəhmətkeşlər olublar. Yaratdığınız şəraitdən hamı kimi, mən də maksimum yararlanmışam və öz təsərrüfatımda yüksək nəticələr əldə etmişəm.

Ötən mövsümdə ailə üzvlərimlə birlikdə 16 hektar sahədə pambıq əkmişdim. Texnika və suvarma suyu ilə bağlı heç bir problemimiz olmadı. Sahələri bütün aqrotexniki qaydalara uyğun becərdik və nəticədə 16 hektardan 80 ton, yəni, hər hektardan 50 sentner yüksək keyfiyyətli məhsul əldə etdik.

Ancaq heç ağlıma belə gəlməzdi ki, Siz mənim əməyimə bu qədər yüksək qiymət verəcəksiniz, məni bu qədər ucaldacaqsınız. Ötən il pambıqçılıqda əldə etdiyim nəticələrə görə Sizin tərəfinizdən birinci dərəcəli “Əmək” ordeninə layiq görüldüm. Bu mükafat mənimlə birlikdə bütün Biləsuvar pambıqçılarının əməyinə verdiyiniz yüksək qiymətdir. Bütün bunlara görə Sizə minnətdarıq, cənab Prezident!

2017-ci ildə əldə etdiyimiz nəticələr, həmçinin əməyimizə verdiyiniz yüksək qiymət məni daha da ruhlandırıb. Bu il pambıq sahələrini 3 dəfə genişləndirmişəm. Hazırda öz təsərrüfatım da daxil olmaqla 47 hektar sahəni səpinə tam hazır vəziyyətə gətirmişəm. Bu il keçən ildəkindən də daha yüksək məhsuldarlığa nail olmağa çalışacağam.

Möhtərəm cənab Prezident, qazanılan nailiyyətlər sevindirici olsa da, biz fermerlərdə əsla arxayınçılıq yaratmır. Yaxşı bilirik ki, respublikamız üçün ənənəvi olan pambıqçılıq sahəsinin inkişafına hər birimiz töhfəmizi verməli, ölkəmizin iqtisadi qüdrətinin güclənməsi üçün əsl fədakarlıqla çalışmalıyıq.

Sizi əmin etmək istəyirəm ki, biz Biləsuvar pambıqçıları bundan sonra daha yaxşı işləyəcəyik və strateji məhsul olan pambığın istehsalında həmişə ön sıralarda olacağıq".