Sifarişlə reytinq cədvəlləri hazarlayan, süni imic yaradan təşkilatların hesabatlarında bir nüans diqqət çəkir: təqdim etdikləri rəqəmlər, adətən, yuvarlaq olur, tamla ifadə edilir. Bilirlər ki, dilə yatan, rahat ifadə edilən bir rəqəm səsləndimi, diqqət çəkdimi, yalan da olsa yaddaşa hopur, on mənbədən təkzib edilsə belə, gündəmdən çıxmır, uzunmüddətli təsir buraxır. Ciddi təhlil mərkəzlərinin hesabatları isə fərqlidir. Statistik rəqəmləri kəsrlə ifadə edirlər, çünki, hesab dəqiq aparılıb, araşdırmalara əsaslanır, əldə edilən rəqəmlər də müdaxiləsiz verilir; yuvarlaq, bəzədilmiş yalan rəqəmlərdən istifadə edilmir.
Azərbaycan müxalifətinin, xüsusən “Milli Şura” təmsilçilərinin səsləndirdikləri bütün rəqəmlər yuvarlaqdır, “imicmeyker” təşkilatların taktikasından istifadə etməklə hazırlanıb. Deyirlər ki, “banklarda problemli krediti olan 500 min vətəndaşın” məsələsi həll edilsin. Məntiqli, ciddi təşkilatlar problem barədə danışırlarsa, həlli üçün təkliflər də verirlər. Hansı mənbə hesabına, necə həll edilməli olduğunu da göstərirlər. Bunların o yöndə təklifləri yoxdur. Biz də toxunmuruq, çünki mövzumuz bu deyil. Aydınlaşdırılması zəruri olan məqam bu yuvarlaq, diqqət çəkən, dilə yatan 500 min rəqəminin alındığı mənbədir. Maraqlı deyilmi: necə olub ki, problemli krediti olan insanların sayı bu qədər yuvarlaq rəqəmlə ifadə edilib: məsələn, 538 min deyil, 671 min deyil, 438 min deyil, tam da 500 min olub? Qısa araşdırsaq görərik ki, nə Maliyyə Bazarlarına Nazarlarına Palatası, nə Mərkəzi Bank, nə də problemli kreditlər üzrə məhkəmə prosesləri 500 min rəqəmini təsdiqləmir. Əslində, problemli kreditlərin məbləği barədə təsəvür var, təqribən 1 milyard 450 milyon manata yaxın vəsaitdən söhbət gedir. Amma bu vəsait neçə kreditalanın payına düşür? Konkret statistika yoxdur. “Milli Şura” təmsilçiləri də mənbə göstərmirlərlər: necə hesablayıblar bu rəqəmi, haradan götürüblər 500 min rəqəmini?
Çox ürəklə başqa bir statistika da səsləndirirlər. Deyirlər ki, “Azərbaycan tamaşaçısının 90 faizi Azərbaycan telekanallarına baxmırlar, çünki orada hakimiyyət təmsilçiləri danışırlar, yalan vədlər verirlər”. İnandırıcı alınsın deyə təsnifat da aparırlar, deyirlər ki, 20 faiz əhali Rusiya, 40 faiz əhali Türkiyə, 20 faiz isə avropa kanallarına baxırlar və sair. Hansı alətlərlə ölçüblər, necə müəyyən ediblər bu göstəricini? Media adamı olaraq biz də bilirik, deyirik telekanalların problemlərini. Danışırıq, dəyişməli olduqlarını iddia edirik. Amma hər birimiz bilirik ki, yuxarıda təsvir edilən statistika, “Milli Şura” təmsilçilərinin təqdim etdikləri bölgü mövcud deyil, yanlışdır. Şəxsən mən, bəzən İran kanallarına, bəzən Qırğız, Qazax, hətta Əfqanstan telekanalların da baxıram və bu sahədə yeganə şəxs deyiləm. Bu bölgüdə mənim yerim haradadır?!
Əlbəttə, kimsə qalxıb deyər ki, axı sayın məsələyə nə dəxli var, önəmli olan problemin özüdür, kreditlər məsələsinin həllidir. Qarşı çıxmıram, əksinə, mənim də vurğulamaq istədiyim məqam, məhz, budur. Əgər önəmli olan məqam problemin həllinə yardım göstərməkdirsə, onda sayı şişirtmək, azaltmaq,qondarma rəqəmlər uydurmaq nəyə lazımdır? “Milli Şura” öndərləri yalan rəqəmləri niyə uydururlar? Səbəb bəllidir: yalançı, şişirdilmiş, yuvarlaq rəqəmlər cəlbedici olur, yaddaşlara hopur, təsir buraxır. Ortada bir sindrom da var: yalançılığa aludə olublar, qurtula bilmirlər, qurtulmaq barədə düşünmürlər də. Çünki reallıq, həqiqət müstəvisində davranış vərdişləri yoxdur. “Hakimiyyətə gəlsək, Azərbaycanı 3 santimetr qalınlığında qızıla bükərik” demişdilər 90-larda. Gəldilər, amma vədlərini tuta bildilərmi? Təbii ki, yox. Məsələnin məğzi də budur: yalanıçı rəqəmlərlə, saxta –şirin vədlərlərlə diqqəti cəlb edirlər, ictimai rəydən sui-istifadə edirlər. Kim zəmanət verir ki, 3 məsələdə yalan danışan, ictimai rəylə oynayan bu şəxslər digər mövzularda doğru danışır, ictimaiyyətin qayğısına qalırlar? Özləri həll edə bilərdilərmi indi qaldırdıqları problemləri? Bacarsaydılar, hakimiyyətləri dövründə Sovet dönəmindən qalma əmanətlər problemini həll edərdilər.
Problemli kreditləri, sosial müavinətlər məsələsini həll etmək üçün öncə mənbə tapılmalı, mexanizmlər hazırlanmalıdır, sonra onun icrasına qərar verilməlidir. Necə ki, Şəhid ailələrinin, qaçqınların, məcburi köçkünlərin, yardıma ehtiyacı olan təbəqələrin problemlərinin həlli üçün mənbələr tapıldı, tapılan kimi də sərəncamlar verildi. Minimum əmək haqqının, pensiyaların artırılmasına göstəriş verildi. Son sərəncamlara uyğun olaraq, 570 min vətəndaşımız ciddi rəqəmlərlə ifadə olunan maliyyə artımı alacaq. Bu da son deyil və proses davam edir. Prezident fevralın 25-də keçirilmiş müşavirədə şəxsən bəyan etdi ki, bənzər proseslər daha da sürətlənəcək, digər məsələlər kimi problemli kreditlər də öz həllini tapacaq: “Vətəndaşları narahat edən məsələlərdən biri də problemli kreditlərlə bağlıdır. Bu məsələ artıq neçə vaxtdır ki, müzakirə olunur. Hökumət üzvlərinə müvafiq göstərişlər verilmişdir. Keçən ildən başlayaraq çox fəal iş aparılır, təkliflər paketi hazırlanır”. Prezident İlham Əliyevin bu gün verdiyi sərəncamların anonsunu 2018-ci ilin prezident seçkisi dönəmində elan etmişdi. Yəni bu gün həyata keçirilən proqramlar uzun müddət öncədən hazırlanıb, mənbələr tapılan kimi icrasına başlanılıb.
Amma AXCP və “Milli Şura” təmsilçiləri iddia edirlər ki, Prezident onların təşkil etdiyi etirazlardan çəkindiyi üçün, xüsusən, 19 yanvar mitinqindən sonra bu addımları atır. Məntiq varmı, inanmaq olarmı? Təbii ki, yox. Bu iddianın təkzibi üçün arqumentlər axtarmağa, şərhlər hazırlamağa lüzum yoxdur. Qısa bir suala cavab versinlər: əgər onların “hakimiyyəti islahata məcbur etmək” gücləri var idisə, bu gücdən 15 il müddətində niyə yararlanmayıblar?
Müşfiq Ələsgərli