“Heç bir qüvvə xalqla dövlətin arasında sədd ola bilməz”- Elnur Allahverdiyev

hec-bir-quvve-xalqla-dovletin-arasinda-sedd-ola-bilmez-elnur-allahverdiyev
Oxunma sayı: 4338

“Dünən xalqımızın, xüsusilə vətənpərvər gənclərimizin ordumuza dəstək yürüşünü, Ali Baş Komandanın onları düşmənlə döyüşə göndərməsini istəmələrini əks etdirən kadrları görəndə hamı kimi mən də qürur duydum. Xalq açıq şəkildə göstərdi ki, bir tərəfdən Silahlı Qüvvələrimizin yanındadır, digər tərəfdən isə düşmənlə döyüşə can atır”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri dünən gecə saatlarında orduya dəstək məqsədilə Bakı küçələrinə çıxan vətəndaşlarımızın həmrəylik aksiyasını şərh edərkən Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib.

Deputatın sözlərinə görə, bu aksiya və onun nəticələrini bir neçə yöndən şərh etmək olar: “Birincisi təbii ki, bu, xalqın əsgər və zabitlərimizə səmimi və planlaşdırılmamış dəstəyi idi. Səngərdə, təmas xəttində düşmənlə üz-üzə duran hərbçi qardaşımız görməli və hiss etməlidir ki, arxasında xalq durub. Digər tərəfdən, mənim fikrimcə, bu aksiyanın düşmənlə təbliğati mübarizədə də çox böyük önəmi var. Ermənilər gözləyirdilər ki, Qarabağsız böyüyüb boya-başa çatan nəsil işğal altında olan torpaqlarımıza biganə olacaq. İndi isə tam əksini gördülər”.

E.Allahverdiyevin sözlərinə görə, həmrəylik aksiyasında iştirak edən gənclərin böyük bir qismi Qarabağ işğal olunandan sonra dünyaya göz açıb. Ancaq onların hamısı göstərirlər ki, müqəddəs torpaqlarımız uğrunda canlarından keçməyə hazırdırlar. “Bu, bizim genimizdədir. Şuşa, Qarabağ bizim qanımızdadır. Qoy bu, ermənilərə gözdağı olsun” – deyə millət vəkili vurğulayıb.

Deputat hesab edir ki, aksiya iştirakçılarının Ali Baş Komandana müraciət etmələri, əmr və döyüşmək üçün silah istəmələri göstərir ki, heç bir düşmən bu xalqı qorxuda və torpaqları uğrunda savaş, qisas hissindən ayıra bilməz: “Təsəvvür edin, insanlar deyirlər ki, biz gedib Vətən uğrunda canımızdan keçməyə hazırıq. Bundan qürurverici nə ola bilər? Şükürlər olsun ki, çox peşəkar kadrların yetişdiyi güclü ordumuz var. Silah-sürsat sarıdan ehtiyacımız yoxdur. Təminat yüksək səviyyədədir. Ancaq ən əsası odur ki, dövlət var! Ötən əsrin 90-cı illərinin əvvəlindəki kimi hərc-mərclik, ikitirəlik yoxdur. Bu xalqın hökuməti, dövləti, ordusu var. Ordunun da belə cəsur xalqı var”.

E.Allahverdiyev hesab edir ki, gecə saatlarında aksiya iştirakçılarından bir qrupun ayrılıb Milli Məclisin binasına daxil olmaları və qanunazidd əməllər törətmələri xalqın möhtəşəm tədbirinə kölgə sala bilməz. Xalq ayıqdır və müdrikdir, belə hallara qarşı həssasdır. “Bilirsiniz, düşmənə xidmət edənlər əvvəl də olub, təəssüf ki, indi də var. Cənab Prezident çıxışlarında tez-tez “beşinci kolon” ifadəsini təsadüfən işlətmir. Odur ki, baş vermiş hadisəyə ayıq başla yanaşmalıyıq, ancaq bilməliyik ki, heç bir qüvvə bizi yolumuzdan sapdıra, xalqla dövlətin arasında sədd ola bilməz. Xüsusilə indiki həssas dönəmdə hamımız düşmənə qarşı və ordumuz naminə bir olmalıyıq. O ki, qaldı bu hadisəni törədən kiçik qrupa, güman edirəm ki, onlar qanun qarşısında cəzalarını alacaqlar və peşmançılıqlarını dilə gətirəcəklər. Belə olaylar bir xalq olaraq bizə yaraşmır. Biz dünyaya birliyimizi və həmrəyliyimizi nümayiş etdirməliyik. Qoy görsünlər ki, torpaqdan bir santimetr belə pay ola bilməz!” – deyə vurğulayıb.