“Qafqazinfo” xəbər verir ki, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin bazar günü keçirilən iclasında deyib. Prezident bildirib ki, bu proqram icra edilir və yerlər müəyyən olunub: “Burada heç bir yubanma, ləngimə ola bilməz. Maliyyə problemi də ola bilməz. Ona görə burada hər şey qrafik üzrə gedir.
Qarabağ müharibəsi veteranlarının və əlillərin problemləri həll edilir. Bir müddət bundan əvvəl imzaladığım Sərəncam əsasında bu kateqoriyadan olan 80 min insanın sosial təminatı yaxşılaşdırılmışdır. Bu proses davam etdiriləcəkdir. Müharibə veteranları, müharibə əlilləri, şəhid ailələri üçün daha da yaxşı şərait yaradılacaqdır. Bilirsiniz ki, evlər tikilib, mənzillər paylanır, əlillər üçün minik maşınları nəzərdə tutulubdur. Ümid edirəm ki, bu il növbədə dayanan müharibə əlilləri və şəhid ailələri minik maşınları ilə tam şəkildə təmin ediləcəklər. Növbəti üç-dörd il ərzində növbədə dayanan şəhid ailələrinin və müharibə əlillərinin hamısı yeni mənzillərlə və fərdi evlərlə təmin ediləcəkdir. Bu göstəriş verilibdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu işlərlə məşğuldur. Dövlət investisiya xərclərində də bu məsələ nəzərə alınmalıdır”.
Son xəbərlər
Son Xəbərlər