“Heç kim Madrid merini tənqid etmir”

hec-kim-madrid-merini-tenqid-etmir
Oxunma sayı: 1999

İyunun 1-də Çempionlar Liqasının finalıdır. İki gün öncə Bakıda futbol bayramını qeyd edən idman cameəsi “Liverpul” və “Totenhem” qarşılaşmasını izləmək üçün Madridə yola düşür. Finaldan öncə hələki əsas gündəm “Liverpul” komandasına məxsus avtobusun oyunun keçiriləcəyi “Vanda Metropolitano” stadionunun altındakı tuneldə qalması hadisəsidir. Avtobusun tuneldən keçə bilməyəcəyini görən futbolçular stadiona qədər piyada getmək məcburiyyətində qalıb.

Və bütün dünya mediası, sosial şəbəkə istifadəçiləri “biabırçılıqdır, faciədir, dəhşətdir” şüarlarına bürünməyib, İspaniya müxalifəti hakimiyyətə qarşı ittihamlar səsləndirmir, heç kim Madrid merini tənqid etmir. Sadəcə olaraq, hadisəni “maraqlı an” hesab edirlər.

Bəzən bu avropalıların siyasi baxımdan geridə qaldığını düşünməmək olmur. Elə bu hadisə də orada “siyasi mübarizənin aparılması” elmindən xəbərsiz olduqlarını göstərir. Buna görə də Azərbaycan müxalifətinin İspaniyalı siyasətçilərə treninqlər keçirməyinə ehtiyacın yarandığını hesab edirik. “Liverpul” avtobusunun tuneldə qalması, oyunçuların piyada getməyə məcbur olması hadisəsi belə zərurəti qaçılmaz edir. Necə yəni heç nə olmayıb? Axı bu cür “materialı” necə əldən buraxmaq olar? 

Təsəvvür edin, eyni hadisə Bakıda baş verir, elə iki gün öncə ev sahibliyi etdiyimiz Avroliqanın finalı zamanı avropalıların “maraqlı an” kimi qəbul etdiyi hər-hansı hal yaşanır, nələr olardı?

Əli Kərimli təcili sosial şəbəkədə canlı yayıma çıxacaq, ilk olaraq da “Baxın, bu da hakimiyyət, bir tuneli necə tikiblərsə, ölkəni də elə idarə edirlər” deyəcəkdi. Ardınca “hakimiyyətin yarıtmaz siyasəti”, “dünya ulduzlarını piyada aparan hakimiyyətə son” şüarları səsləndiriləcək, həmin tunel qalaktikaları birləşdirən “zaman tunel”inə bənzədiləcəkdi.

Yaxud, Azərbaycan müxalifəti İspaniyada olsaydı nələrin olacağını təsəvvür etmək çətin deyil.

Tunel tikintisində yeyinti olduğu üçün standartlara uyğun olmayıb”;

Futbolçular tuneldə qaldı: korrupsiyanın daha bir faktı”;

Hakimiyyətin bacarısızlığı”;

Madrid merinin tunel maxinasiyası”;

Hakimiyyət özünü belə biabır etdi”;

İstefa, istefa, istefa” şüarları;

Bunların heç biri nə Madrid küçələrində eşidildi, nə də sosial şəbəkədə ispaniyalı istifadəçilər yazdı, çünki bu hadisə Bakıda baş verməmişdi, ora Azərbaycan deyildi. 

Burada təəsüflənməmək olmur, ona görə yox ki, ispanların Formula 1 yarışında pilotun lyuka ilişməsi kimi “maraqlı idman hadisəsi”ndən öz ölkəsinin əleyhinə kampaniya kimi istifadə etmək bacarığına sahib olan, kiçik lyukdan “qara dəlik” düzəldəcək qədər “kreativ” müxalifəti yoxdur, ona görə yox ki, belə müxalifətin olmaması tunel məsələsini “zaman tuneli”nə çevirmək imkanının itirilməsi ilə nəticələndi, ona görə ki, Azərbaycan müxalifətini hər xırda məsələni “hakimiyyətlə mübarizə” görüntüsü altında öz ölkəsinə qarşı çevirən, milli və dövlət maraqlarına xidmət edən beynəlxalq tədbirlərin Bakıda keçirildiyi zamanlar “bu ölkəni necə pis vəziyyətə salım və bundan siyasi ambisiyalarım üçün necə istifadə edim” düşüncəsi ilə yaşayan kəslər zəbt edib. Bütün bunların fonunda ispanların adına sevinməmək olmur!

Asif Nərimanlı