“Heç kim universitetdən qovulmayıb” - ADU-dan açıqlama

hec-kim-universitetden-qovulmayib
Oxunma sayı: 4988

Bir müddət əvvəl etiraz aksiyaları ilə gündəmə gələn Azərbaycan Dillər Universitetində yenidən narazılıqlar yaranıb. 
 
"Qafqazinfo" BakuPost.az-a istinadən xəbər verir ki, sentyabrın 22-də universitetin Təbriz küçəsində yerləşən korpusunda Təhsil fakültəsinin tələbələri aksiyaya başlayıblar. Onlar korpusdakı tələbə sıxlığına etiraz ediblər. Fakültənin dekanı Fikrət Cahangirov tələbələrin qarşısına çıxıb, onlardan aksiyanı dayandırmağı istəyib və istəklərinin dinləniləcəyini qeyd edib. 

Lakin bazar ertəsi universitetə qayıdan tələbələr "sürpriz”lə qarşılaşıb. Belə ki, universitet rəhbərliyi aksiyanın təşkilatçılarını və onlara yardım edənlərin kimliyini araşdırıb. Rektor Kamal Abdulla həmin tələbələri əsas korpusda qəbul edib. 

Aksiyanın əsas 4 təşkilatçısına universitetdən qovulduqları bildirilib. Bundan əlavə, 8 tələbəyə şiddətli töhmət, digərlərinə isə töhmət verilib. 

Yeni rektor tələbələrə bir daha aksiya keçirəcəkləri təqdirdə daha ağır formada cəzalandırılacaqları barədə xəbərdarlıq edib.

Rektorla görüşdə tələbələr Təbriz küçəsindəki korpusun mühafizəçilərindən şikayətçi olublar. Bildiriblər ki, mühafizəçilər onlarla kobud rəftar edir. K. Abdulla həmin mühafizəçilərin də işinə xitam verib.

Məlumat üçün bildirək ki, Təhsil fakültəsi bu ildən Təbriz küçəsindəki korpusa köçürülüb. Bu isə binada birdən-birə tələbə sayının artımına və burada sıxlığa səbəb olub. Tələbələr isə sıxlığın azaldılmasını tələb ediblər.

ADU-nun mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli məsələ ilə bağlı açıqlama verərək bildirib ki, universitetdə hansısa aksiya keçirilməyib:

 "Təbriz küçəsindəki korpusda təhsil alan tələbələri rektor onların istəyi və təşəbbüsü əsasında qəbul edib. Tələbələr müəyyən təkliflər səsləndiriblər. Rektor da təkliflərin nəzərə alınacağını bildirib. Kiminsə universitetdən qovulması barədə deyilənlər isə yalandır”.

***

"Qafqazinfo" xəbər verir ki, ADU-nun mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli sosial şəbəkədə universitetdə baş verənlərə aydınlıq gətirib:

"Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla dünən tələbələrlə görüşdü. Mən də həmin görüşdə idim. Tələbələr onları narahat edən məsələlərdən danışdılar, Kamal müəllim də səbrlə tələbələri dinlədi, bəzi məsələləri yerindəcə həll elədi, bəzi məsələlərin də yaxın günlərdə həll olunacağını bildirdi. Tələbələr akt zalını böyük ruh-yüksəkliyi ilə tərk etdilər. İndi isə mətbuat dezinformasiya yayır ki, kimlərəsə töhmət, şiddətli töhmət verilib, kimlərsə universitetdən qovulub. Belə ağ yalanı yazmağa vicdanınız necə yol verir, əliniz necə gəlir? Ayıbdır axı. Bir daha bəyan edirəm: heç bir aksiya olmayıb, heç kimə töhmət, şiddətli töhmət verilməyib, heç kim də universitetdən qovulmayıb. Yeri gəlmişkən, bilənlər bilir, bilməyənlər üçün xatırladım ki, universitetdən qovulma bir gün içində baş verəcək proses deyil. Araşdırma aparılmalı, təqdimat yazılmalı və rektorun əmri olmalıdır".