Xəbər verdiyimiz kimi, “Təhsil haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən bundan sonra “təhsil haqlarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək.
“Qafqazinfo” təhsil haqlarının nağdsız qaydada həyata keçirilməsinin tələbələr üçün uyğun olub olmadığını araşdırıb. Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən təhsil məsələləri üzrə ekspert Kamran Əsədov xatırladıb ki, prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı sərəncama görə, dövlət müəssisələri bütün xidmətləri elektron qaydada həyata keçirməlidir: “Bu isə ondan irəli gəlir ki, ilk növbədə vətəndaş-məmur münasibətləri aşağı səviyyəyə ensin, əlavə sənədlər və xərclər aradan qalxsın. Əlbəttə ki, tələbələrin təhsil haqlarını elektron qaydada ödəməsi müsbət haldır. Amma layihənin birdən-birə tətbiq edilməsi əks effekt verə bilər. Maksimum şəkildə çalışmaq lazımdır ki, tələbələr və onların valideynləri əlavə xərclərdən azad edilsin. Onu qeyd edim ki, ali təhsil müəssisələrində ödənişli təhsil alan tələbələr təhsil haqlarını elektron qaydada ödəyə bilmələri vaxt itkisinin, saatlarla növbədə gözləməyin aradan qalxmasına imkan verəcək. Amma ödənişlərin qəbul edilməsi üçün vahid, təhlükəsiz proqram təminatı hazırlanmalıdır”.
Onun sözlərinə görə, elektron ödənişlər üçün plastik kartlar lazımdır ki, bu da əlavə xərclərin yaranmasına səbəb olur: “ Azərbaycanın 54 ali təhsil müəssisəsində 165 min tələbə təhsil alır və onların 125 mini ödənişli əsaslarla oxuyur. Bu o deməkdir ki, qısa müddətdə ən azı 125 min plastik kart sifariş verilməlidir. Bundan əlavə, orta ixtisas təhsil müəssisələrində - kolleclərdə də 30 minə qədər ödənişli əsaslarla tələbə təhsil alır.
Heç bir universitetdə təhsil haqlarının miqdarı 1600 manatdan aşağı deyil. Hətta elə universitetlər var ki, təhsil haqqı 2500 manatdan 4000 manata qədərdir. Elektron qaydada bu məbləğin ödənilməsi üçün plastik kartlara və təminatlara ehtiyac var. Azərbaycanda isə bu qədər əməkhaqqı alan məmur tipi demək olar ki, yoxdur. Ona görə də elektron xidmətin istifadəyə verilməsi digər problemləri üzə çıxaracaq. Yəni, heç kimin kart hesabında o qədər pul olmayacaq ki, ödənişi həyata keçirsin.
Ona görə də hesab edirəm ki, bu elektron mexanizm işləməyəcək. Hesab edirəm ki, bu addımın atılmasında əsas məqsəd ali təhsil müəssisələrinin maliyyə resurslarını nəzarətdə saxlamaq və banklarda nəğd pul kütləsinin formalaşmasına xidmət edir. Birdən-birə bu sistemə keçmək banklarda növbələrin yaranmasına gətirib çıxaracaq”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər