“Heç nədən qorxmuram” - Elxan Abdullayev

hec-neden-qorxmuram
Oxunma sayı: 692

Azərbaycan Premyer Liqasının XXIV turunda “Sumqayıt” öz meydanında “Neftçi”ni məğlub edib – 2:0.

 “Qafqazinfo” xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında qonaq komandanın baş məşqçisi Elxan Abdullayev fikirlərini bildirib:

 - Rəqibi təbrik edirəm. Komandam qalib gəlmək istəsə də,  alınmadı. Məncə, payımızı aldıq. Bizim etmək istədiklərimizi “Sumqayıt” etdi. Sona qədər davam edəcəyik.
 
- Demişdiniz ki, “Qəbələ” və “Qarabağ”dan başqa bütün komandaları məğlub edəcəyik. Amma bu gün “Sumqayıt”a uduzdunuz. “Neftçi”nin 80 illik yubileyinə “ən pis baş məqşçi” kimi düşmək istəmirsiniz?
- Bunu yubileylə əlaqələndirmək lazım deyil.  Bəli, bu, tarixdi. Çalışırdıq, bundan sonra da çalışacağıq. Çempionat və kubokda hələ də məğlub olmamışıq. Komandanı ilk pillədən götürməmişəm ki, uğuru davam etdirim. Heç nədən qorxmuram, hər şeyə də özüm cavab verəcəm.
 
- Oyun başa çatdıqdan sonra futbolçularla azarkeşlər arasında söz-söhbət oldu. Futbolçulara bu barədə nəsə danışmadınız?
- Əlbəttə, azarkeşlərin  nə istədiklərini başa düşürəm. Futbolçulardan heç nə soruşmamışam.

Oyundan sonra baş tutan mətbuat konfransında “Sumqayıt”ın baş məşqçisi Samir Abasov da fikirlərini bildirib.
 
- Birinci dəfədir ki, bu mövsüm ərzində nə deyəcəyimi bilmirəm. Uşaqlarda yaxşı motivasiya var idi. İnanırsınız, necə oynayacağımızı bilmirdik. Bu gün iki hücumçu ilə oynadıq, qələbə qazanmalı idik. Say düzəlsin deyə, Xəyal Nəcəfovun adını oyunun iştirak ərizəsinə daxil etmişdik. Rəşad zədəli idi, Çernişev də ötən gün zədələnmişdi. Qələbə üçün ac idik, şükürlər olsun ki, bacardıq.
 
- Bu qələbədən sonra 4-cü yer uğrundə mübarizə üçün şansınız qaldı. Necə düşünürsünüz, sona qədər mübarizə apara biləcəksiniz?
- Bütün oyunlar çətindi. Məncə, AZAL və “Zirə” ilə oyundan sonra avrokubok zonasına mübarizə uğrunda taleyimiz bəlli olacaq. Sona qədər döyüşəcəyik.
 
- Amil Yunanov möhtəşəm və baxımlı qol vurdu. Onun vurduğu qol haqda nə deyə bilərsiniz?
- Bu qol bizim üçün xüsusi motivasiya olacaq. Bu, futbolçulara və Amilə əlavə güc verəcək.